Azərbaycan üçün Makdonald
02.06.2009 - 09:27
Azərbaycan üçün Makdonald
Uels milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iyunun 6-da keçiriləcək dünya çempionatının seçmə oyununda Azərbaycanla qarşılaşacaq britaniyalıların hazırlıqlarına daha bir futbolçu cəlb olunub.

Oyunçularının az qala kütləvi surətdə zədələnməsindən əziyyət çəkən uelslilərin baş məşqçisi Con Toşak bu səbəbdən Şon Makdonaldı da yığmaya çağırıb. Yerli “Suonsi” klubunda çıxış edən 21 yaşlı futbolçu əsasən ölkəsinin gənclərdən ibarət milli komandalarındakı çıxışları ilə tanınır. Yarımmüdafiəçini heyətə qatan Toşak zədəli futbolçularla bağlı qərarını hələ də verməyib.

Dizini yenicə zədələyən “Tottenhem”li Qaret Beylin də Sem Rikkets, Çed Evans və Cek Kollisona qoşulmağı mütəxəssisi lap çətin vəziyyətə qoyub. Toşak yalnız bu gün axşam Bakı səfərinə başlayan zaman zədəlilərlə bağlı yekun sözünü deyəcək. Bu 4 futbolçudan yalnız birinin – Kollisonun vəziyyəti xeyli düzəldiyindən onun Bakıya gəlmək ehtimalı daha böyükdür.

Qeyd edək ki, Uels yığması bu gün axşam Bakı vaxtı ilə saat 20:00-da səfərə çıxıb gecə 1:30-da ölkəmizdə olacaq.
0