“Azərbaycanla oyunda azarkeş dəstəyinə ümid edirəm”
02.06.2009 - 23:00
“Azərbaycanla oyunda azarkeş dəstəyinə ümid edirəm”
“Azərbaycanla yoldaşlıq oyunu İngiltərə üçün ən vacib qarşılaşmalardan biridir. Çünki məhz bu görüşdən sonra Avropa çempionatının final mərhələsinə apardığım 23 futbolçunun son durumu ilə tanış olacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Stüart Pirs deyib.

İyunun 8-də keçiriləcək yoldaşlıq oyununda Azərbaycan yığmasının rəqibi olacaq britaniyalıların çalışdırıcısı azarkeşlərin dəstəyinə bel bağlayır: “Biz bu oyunda qələbə qazanıb İsveçə yüksək əhval-ruhiyyə ilə yollanmaq istəyirik. Eyni zamanda bizi yola salmaq üçün azarkeşlərin stadiona gələcəyinə də ümid edirəm. Bu səbəbdən də matçın keçiriləcəyi Milton Keynes şəhərinin arenasında böyük azarkeş dəstəyinin olacağını gözləyirəm”.

Pirs bu şəhərdə keçirilən son oyunu da xatırlayıb: “2007-ci ildə bu arenada Bolqarıstan yığmasını 2:0 hesabı ilə məğlub etdik. O vaxt Milner və Aqbonlahorun qolları ilə qalib gəlmişdik. Həmin görüşdə tribunalara 21 min tamaşaçı gəlmişdi”.
0