“Tottenhem”in futbolçusu Azərbaycana gəlmir
02.06.2009 - 12:31
“Tottenhem”in futbolçusu Azərbaycana gəlmir
Uels milli komandası Azərbaycanla rəsmi oyuna hazırlaşan heyətdən üç futbolçunu kənarlaşdırıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Qaret Beyl, yarımmüdafiəçi Devid Kotteril və hücumçu Çed Evans Bakıya gəlməyəcək.

Hər üç oyunçu zədə səbəbindən iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə iştirak etməyəcək. Beylin itkisi Uels yığmasının baş məşqçisi Con Toşakı daha çox qayğılandırmalıdır. Belə ki, milli komandamızla ötən il sentyabrın 6-da Kardiff şəhərindəki “Millenium” stadionunda keçirilən görüşdə yığmasının ən yaxşı futbolçusu olan Qaret “Tottenhem” klubunda da əsas heyət oyunçusudur. Sol cinah müdafiəçisi üçün yığmada yubiley – 20-ci görüş düşərli olmayıb. Belə ki, Beylin mayın 29-da Estoniya ilə evdə keçirdikləri yoldaşlıq görüşündə (1:0) aldığı zədə ciddi olub və Bakıda meydana çıxmağa imkan verməyib.

Qeyd edək ki, heyətlə bağlı ciddi problemləri olan Toşak Azərbaycanla səfər görüşündə Kreyq Belalmi, Saymon Deyvis, Ceyson Kumas, Ceyms Kollinz, Sem Rikkets, Cek Kollison kimi təcrübəli futbolçuların xidmətindən zədə səbəbindən istifadə edə bilməyəcək.
0