Kölgədə qalan oyun
02.06.2009 - 13:29
Kölgədə qalan oyun
Sabah Azərbaycanın 21 yaşlılardan ibarət futbol yığma komandası (U-21) Türkiyədə yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis Bernard Lippertin çalışdırdığı yığmamız İstanbulda “Rəcəb Tayyib Ərdoğan” stadionunda türkiyəli həmyaşıdları ilə üz-üzə gələcək.

Türkiyənin U-21-nin baş məşqçisi “Trabzonspor”da çıxışı ilə tanınan, Almaniyanın “Şalke-04” klubunda oynamış 41 yaşlı Hami Mandıralı olsa da, hazırlıq prosesində Oğuz Çətin də iştirak edir. Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin əsas köməkçilərindən olan Çətin U-21-ə cavabdeh olduğu üçün Kayseriyə yollana bilməyib.

Sözsüz ki, Türkiyə və Azərbaycanın ardıcıl iki gün keçiriləcəyi yoldaşlıq görüşləri arasında əsas yığmaların oyunu daha çox maraq doğurur və U-21-rin matçı bir növ kölgə altında qalır. Bununla belə, bu yaş qrupundan ibarət yığmalar üçün sabahkı oyun əhəmiyyət kəsb edir. Həm Türkiyəni, həm də Azərbaycanı İstanbuldakı görüşdən sonra, gələn həftənin əvvəlində oyunlar gözləyir.

Yığmamız iyunun 8-də ingilis həmyaşıdları ilə səfərdə yoldaşlıq görüşü keçirəcəyi halda, Türkiyə ertəsi rəsmi oyun çərçivəsində Ermənistanı qəbul edəcək. Qardaş ölkənin yığması uzun müddətdir çağırılmayan, 1989-cu və ondan aşağı yaş qrupundan ibarət futbolçulardan ibarət heyətlə bizə qarşı çıxacaq. Həm bu, həm də Ermənistana qarşı oynayan futbolçulardan iyunun 26-dan iyulun 5-dək İtaliyanın Peskara şəhərində keçiriləcək Ağdəniz oyunlarına heyət seçiləcək.

Türkiyə və Azərbaycanın U-21-ləri arasında indiyə kimi rəsmi oyunda üz-üzə gəlib. Milli komandalar kimi, U-21-lər 2002-ci il seçmə mərhələ oyunlarında bir qrupda yer almışdı. Maraqlıdır ki, İstanbuldakı hər iki oyunda 0:3 hesabı ilə uduzan Azərbaycan evdə minimal hesabla yenilib. Türkiyənin əsas yığması Bakıda 1:0, U-21-i Sumqayıtda 2:1 hesabı ilə qələbə qazanıb. Həmin vaxt Azərbaycanın U-21-i ev oyunlarını Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirirdi. Əsas yığma kimi gənclərimiz də Türkiyənin qapısına bir qol vurub. U-21-də yeganə qolun müəllifi hazırda “Neftçi”də çıxış edən hücumçu Samir Əliyev olub.

Türkiyənin U-21-də isə bizə qol vurmaq üzrə Berkant Göktan ixtisaslaşıb. “Qalatasaray”da çıxışı ilə tanınan, son illərdə isə Almaniyada çıxış edən yarımmüdafiəçi həm evdə, həm də səfərdə yığmamıza qol vurub. Ümumilikdə üç qol vuran Berkantla İstanbuldakı oyunda etdiyi “dubl”la hələ fasiləyədək böyük hesablı qələbənin təməlini qoyub. “Qalatasaray”ın digər futbolçusu Cihan Haspolatlı və “Fənərbaxça”nın sabiq hücumçusu Sərhat Akın da Azərbaycanın U-21-nin qapısına yol tapıb. Belçikadakı uğursuz karyerasından sonra vətənə dönən Sərhat “Anderlext”in heyətində 4 il öncə Çempionlar Liqasının oyunu çərçivəsində Bakıya gəlib və turnirin ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı oynayıb.

2002-ci il Avropa çempionatının seçmə mərhələ oyunları:

10 oktyabr 2000-ci il.

Sumqayıt. Azərbaycan – Türkiyə - 1:2
Samir Əliyev, 73 – Berkant Göktan, 7-pen, Cihan Haspolatlı, 84

1 iyun 2001-ci il.
İstanbul. Türkiyə - Azərbaycan – 3:0
Berkant Göktan, 11, 41, Sərhat Akın, 33
0