Berti Foqtsun yetirməsinin başına ağır çəkiclə vururlar
02.06.2009 - 23:19
Berti Foqtsun yetirməsinin başına ağır çəkiclə vururlar
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəsmi oyununu Azərbaycanla keçirəcək Almaniya yığması problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Asiyada Çin yığması ilə Şanxayda 1:1 hesablı yoldaşlıq görüşündən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gələn Bundestim ağır şəraitdə hazırlıq keçir. Axşam məşqi zamanı Dubayda havanın hərarəti 40 dərəcədən də yüksək olub. Bu gün BƏƏ yığması ilə yoxlama oyununda kapitan sarğısını daşıyacaq “Bavariya”nın yarımmüdafiəçisi Bastian Şvaynştayger yerli iqlimdən elə də məmnun deyil: “Mən meydana çıxanda fikirləşdim ki, aman Allah, belə havada 90 dəqiqə necə oynamaq olar”.

Berti Foqtsun rəhbərliyi altında 1996-cı ildə Almaniya milli komandasının heyətində Avropa çempionu olan Oliver Birhoff da narazılığını ifadə edib. Hazırda milli komandanın meneceri olan 41 yaşlı veteran hücumçu Dubayın istisinə özünəməxsus şəkildə təsvir edib: “Günəş adamın başına sanki ağır çəkic kimi vurur”.

Hava nə qədər isti olsa da, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yetirmələrinə heç bir güzəşt etmir. O, yalnız məşq saatını daha gec vaxta təyin etməklə vəziyyətdən çıxış yolu tapır: “Mən gözləyirəm ki, futbolçular mövsümün sonunda bir daha toparlanıb, bütün imkanlarından istifadə edəcək. Öz imkanlarımızın həddinə yaxınlaşmalıyıq”.
0