“Muğan” iki futbolçunun transferini rəsmiləşdirdi
02.06.2009 - 16:58
“Muğan” iki futbolçunun transferini rəsmiləşdirdi
“Muğan” iki futbolçunu transfer edib. Bu haqda apasport.az saytına məlumat verən klubun vitse-prezidenti Bəhruz Şirəliyev müdafiəçilər – Hüseyn İsgəndərovla Mamaduba Soumahun keçidinin rəsmiləşdiyini bildirib.

“Qarabağ”da çıxışlarıyla tanınan hər iki arxa xətt oyunçusu ilə rəsmi müqavilə imzalanıb: “Həm Hüseyn, həm də Mamaduba ilə bağladığımız müqavilə müddəti bir ildir. Ötən mövsüm heyətimizdə olan hər üç əcnəbi futbolçunun müqaviləsi bitib. Bunlardan İsaak Puponun qalacağı dəqiqdir. Onunla iki illik yeni müqavilə imzalamışıq. Gürcü Givi Çxetinai ilə Vladimir Tsaranu ilə bağlı hələ son qərarımızı verməmişik. Hazırda komandamızda 10 futbolçu var. Təbii ki, yeni mövsüm üçün futbolçuların sayı bundan çox olacaq. Yeni transferlərimiz arasında həm yerli, həm də əcnəbi futbolçular olacaq”.

Pupo, Soumah və İsgəndərov “Qarabağ”da birgə oynayıblar. Əsas heyətdə yerini itirən Hüseyn ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Turan”da keçirdi. Mamaduba isə “Qarabağ”ın əvəzedici komandasına göndərilərək, orada oyun praktikası qazanırdı. Liberiya milli komandasında çıxış etmiş Pupo ötən yay “Qarabağ”dan “Muğan”a keçdi. O, qvineyalı Soumah kimi, 2007-ci ilin yayında ölkəmizdə çıxış edir.
0