Berti Foqts: Türkiyə ilə oyun mənə ləzzət elədi, amma...
03.06.2009 - 00:49
Berti Foqts: Türkiyə ilə oyun mənə ləzzət elədi, amma...
“Oyuna yaxşı başlamışdıq. Penalti epizoduna qədər komandamdan çox razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri az öncə Türkiyə ilə başa çatan yoldaşlıq görüşündən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Kayseri şəhərində məğlub olduğumuz (0:2) matçdan sonra alman çalışdırıcı bildirib ki, futbolçularımız hücuma qoşulanda çoxlu səhvlərə yol veriblər: “6 əvəzləmə etdim ki, bu da sistemi dəyişməyimə səbəb oldu. Hücuma qoşulanda çoxlu səhvlər buraxırdıq. Daniel Axtyamovun oyunundan çox razı qaldım. Onun adını xüsusi qeyd etmək istəyirəm. Kimdən narazı qaldımı isə mətbuata açıqlamayacağam. 2-3 futbolçu var ki, onlara sözümü öz aramızda çatdıracağam. Çünki biz bir komandayıq və öz aramızdakı söhbətlərin kənara çıxması məqsədəuyğun deyildi”.

Foqts vurğulayıb ki, Avropa çempionatının bürünc mükafatçısı olan Türkiyəyə qarşı belə gözəl stadionda keçirilən oyun ona ləzzət edib: “Bugünkü yoldaşlıq görüşündə ab-havanı pozan yeganə şəxs hakim oldu. Onun penalti qərarı düzgün idi. Amma Rəşad Sadıqova qırmızı vərəqə verməməli idi. Hər halda, türklərlə matç Uelslə oyun öncəsi mənə kömək olacaq”.
0