Foqts Azərbaycan yığmasını AVRO-2016-ya aparır
03.06.2009 - 01:01
Foqts Azərbaycan yığmasını AVRO-2016-ya aparır
“Azərbaycan milli komandası 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilər”. Apasport.az saytının Kayseriyə ezam olunan əməkdaşı Aqşin Əliyevin məlumatına görə, bu sözlər yığma komandamızın baş məşqçisi Berti Foqtsa məxsusdur.

Alman çalışdırıcı Kayseri şəhərində Türkiyə ilə yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında iddialı açıqlamalar verib. Onun fikrincə, Azərbaycan yığması gələcəkdə daha yüksək yerlərdə olacaq: “Azərbaycan milli komandasının inkişaf etməsi üçün vaxt lazımdır. İndi bir pillədəyiksə, 2014-cü ildə bundan yuxarıda olacağıq. Bizim futbolçular öyrənməlidirlər. Yığmanın heyətində potensial oyunçular var. 2014-cü ildə yuxarı pillələrə qalxacağıq deməyim, həmin il keçiriləcək dünya çempionatına vəsiqə qazanacağımız anlamına gəlmir. Əsas məqsəd 2016-cı il Avropa çempionatının final mərhələsində oynamaqdır. Çünki qitə çempionatında 24 komanda oynayır və onların arasında yer almaq nisbətən asandır”.

Ardından Foqts Kayseriyə ezam olunmuş apasport.az saytının müxbirinin “Foqts 2016-cı ilədək yığmada qalsa, Avropa çempionatına vəsiqə qazana biləcəyikmi” sualına belə cavab verib: “Yaxın zamanda AFFA rəhbərliyi ilə danışacağam. Hər şey müqavilənin müddətindən asılıdır. Görüşdə müqavilə ilə bağlı fikir mübadiləsi aparacağıq. 2016-cı il Avropa çempionatına vəsiqə qazanmaq üçün mənim irəli sürdüyüm proqramla getmək lazımdır. Əks təqdirdə, Azərbaycan yığması qitə birinciliyinin də final mərhələsində oynaya bilməyəcək.”
0