Rəşad Sadıqov: Bu gün topla heç oynaya bilmədik
03.06.2009 - 01:23
Rəşad Sadıqov: Bu gün topla heç oynaya bilmədik
“Türkiyə ilə oyun əsl yoldaşlıq görüşü ab-havasında keçdi. Qarşılaşmanın tempi yüksək deyildi. Fikrimcə, məşqçinin tapşırıqlarını yerinə yetirə bilmədik. Ötürmələrdə çox itkilərə yol verdik. Bu gün topla heç oynaya bilmədik”. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.

27 yaşlı futbolçu Türkiyə yığmasına yoldaşlıq görüşündə 0:2 hesablı məğlubiyyətin səbəblərinə aydınlıq gətirib. O, komandamızın yaxşı müdafiə olunduğunu bildirib: “Hətta 10 nəfər qalsaq da, komanda halında yaxşı müdafiə olunurduq. Qol buraxdıqdan sonra isə uşaqlar həvəs düşdülər. Komanda halında daha yaxşı oynaya bilərdik. Konkret kimlərinsə zəif çıxış etdiyini deyə bilmərəm”.

Oyunun 51-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılan Sadıqov hakimin haqsızlıq etdiyini söyləyib: “Həmin epizodda penalti düzgün qərar idi. Amma hakim mənə qırmızı vərəqə göstərməməli idi. Sarı vərəqə ilə kifayətlənmək olardı”.

Rəşad onu da vurğulayıb ki, iyunun 6-da Bakıda Uelsə qarşı keçiriləcək dünya çempionatının rəsmi matçı tam fərqli olacaq: “Çünki Uelslə səfərdə deyil, öz meydançamızda oynacağıq. Bilirsiniz ki, evdə biz aqressiv oluruq. Azarkeşlərə səslənirəm. Xahiş edirəm ki, onlar bizə dəstək olsunlar. Stadionları doldursunlar, onlarla əl-ələ verib, qələbə qazanaq”.
0