Azərbaycanlı qapıçı Semih Şəntürkün fəndinin qarşısını necə alıb?
03.06.2009 - 02:42
Azərbaycanlı qapıçı Semih Şəntürkün fəndinin qarşısını necə alıb?
Azərbaycan milli komandasının qapıçısı Fərhad Vəliyev Türkiyə yığması ilə yoldaşlıq görüşündə Semih Şəntürkün penalti zərbəsini necə qaytarması barədə danışıb. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, həmvətənimiz “Fənərbaxça”nın da şərəfini qoruyan Semihin fəndindən xəbərdar imiş.

“Bir dəfə hansısa oyunda Semih Şəntürkün penaltini qapıçıdan sağa vurduğunu görmüşdüm. Mən də sağ tərəfə tullanmaq qərarına gəldim. Bununla da, cəhdim uğurlu oldu” – deyə Vəliyev vurğulayıb.

Yığmamızın qapıçısı bildirib ki, “ay-ulduzlular”a qarşı iki fərqli hissə keçirmişik: “Birinci hissədə yaxşı oynadıq. Amma fasilədən sonra bizə ağır oldu. Düzdür, hücum xəttində zəiflik var idi. Ümumilikdə isə normal oyun nümayiş etdirdik”.

Fərhad penalti epizoduna da toxunub. O, Rəşad Sadıqovun rəqib futbolçuya qarşı bir o qədər də kobud oynamadığını vurğulayıb: “Rəşad topu uzaqlaşdırmaq istədi. Yan tərəfdən rəqibə bir az toxundu. Bu epizodda qırmızı vərəqə yox idi”.

Qeyd edək ki, 51-ci dəqiqədə Rəşad Sadıqovun meydançadan qovulması ilə 10 nəfər qalan milli komandamız Türkiyə yığmasına uduzub - 0:2.
0