“Bizə xalq baxır, söyüş yiyəsi oluruq...”
03.06.2009 - 04:08
“Bizə xalq baxır, söyüş yiyəsi oluruq...”
Azərbaycan milli komandasının müdafiəçisi Samir Abbasovun apasport.az saytına müsahibəsi

- Türkiyə ilə növbəti yoldaşlıq matçında da məğlub olduq. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?
- Mənim şəxsi fikrim belədir ki, çox pis oynadıq. Yoldalıq görüşü olmasına baxmayaraq, mübarizə aparmaq, qələbə qazanmaq istəyirdik. Amma oyunumuz alınmadı. Top saxlaya bilmirdik, 2-3-cü toxunuşdan sonra onu itirirdik. Dörd futbolçunu – Rəşad Sadıqov, Vladimir Levin, Mahir Şükürov və Fərhad Vəliyevi çıxmaq şərtilə, mən də daxil olmaqla, çox zəif təsir bağışladıq. Moksvada Rusiyaya qarşı matçdan sonra belə oynayacağımızı gözləmirdim.

- Zəif oynamağımıza səbəb nə idi?
- Bilmirəm. 10 nəfər qaldıqdan sonra bizə lap çətin oldu. Hakimin qırmızı vərəqə göstərməsinin isə heç yeri yox idi. Yoldaşlıq görüşü idi, penalti var idisə, sarı vərəqə vermək olardı. Hətta Arda Turan da hakimə yaxınlaşaraq, qırmızı vərəqəyə lüzum olmadığını söylədi. Bu vərəqə bizi lap “sındırdı”.

- Həqiqətən də türklərlə görüşdə zəif nəzərə çarpdıq. Belə oyunla 4 gün sonra Uelslə qarşı rəsmi matçda nəyə ümid etmək olar?
- Zəifə zəif deyərlər də. Komanda pis çıxış edibsə, bunu yazmaq, tənqid etmək normal haldır. Məsələn, siz özünüz bu oyuna canlı baxıb, sonra qeydlər aparırsınız. Bəziləri isə baxmırlar, kimdənsə soruşurlar və yanlışlığa yol veririlər. Məsələn, Fərhad Vəliyev ən yaxşı oyunçu olub, amma deyirlər ki, o, matçın ən pis futbolçusudur. Adamı yandıran da budur. Mən cəzalı olduğumdan, Uelslə matçda forma geyinməyəcəyəm. Allaha and olsun, belə oyunla nəticə qazana bilmərik. Cəmi iki ay öncə Rusya ilə keçirdiyimiz qarşılaşmada komandada inam hiss var idi. Yan-yörəmə ötürmələr verirdim. Topu özümüzdə çox saxlayırdıq. Ancaq burada topa 3-cü toxunuşu etmək olmurdu. Uelsə qarşı belə oynayasaq, azarkeşlərimizi pərişan edəcəyik. Onlarla matçda da belə oynayıb, heç-heçə etməkdənsə, uduzmaq yaxşıdır. Məncə, baş məşqçimiz türklərlə qarşılaşmadan nəticə çıxaracaq. Məşqçidən öncə biz - futbolçular nəticə çıxarmalıyıq. Növbəti oyunumuzu doğma meydanda keçirəcəyik, başa düşürsünüz? Özünəinam yoxdur. Belə olmaz!

- Özü də biz hücuma keçəndə tələsirdik, həmləni qura bilmirdik.. .
- Artıq neçə vaxtdır, milli komanda üçün yoldaşlıq görüşləri təşkil edirlər. Təsəvvür edirsiniz, Avropa çempionu İspaniya bizimlə oynamağa razılıq verib. Bunlar hamısı AFFA rəhbərliyinin əməyidir. Bunu danmaq olmaz, axı! Bu vaxta qədər taciklərlə görüşürdük, indi ispanlarla mübarizə aparacağıq. Fərqi görürsünüzmü? Nəticəni uşaqlar özləri çıxarmalıdırlar...

- Azarkeşləri də növbəti dəfə küsdürdünüz...
- Azarkeşləri qınamayın! Nə başa düşənləri, nə də başa düşməyənləri. Azarkeş belə oyunu görəndən sonra neyləsin? Düzdür, futbol həvəskarları oyunlarımıza gəlsələr, biz də onların mənəvi dəstəyini hiss edərik də. Bizim özümüzdən qurulub axı, bu komanda.

- Necə düşünürsünüz, bu oyunla türklərin yanında biabır olmadıq ki?
- Biabır olmaq deyəndə ki, bilirsinizmi necədir? Siz özünüz bu matçdan nə gözləyirdiniz?

- Heç olmasa aradabir rəqib qapısı önündə təhlükəli vəziyyət yaratmaq lazım idi...
- Mən də sizinlə razıyam. Bu gün biz oyun oynamadıq.

- Türklərə məğlubiyyət Uelslə matç ərəfəsində komandada əhval-ruhiyyəni korlayıbmı?
- Deyəsən əksinədir. İndi biz günahımızı yumaq haqda düşünürük. Yadınızdadırsa, 2007-ci ildə Polşaya 0:5 uduzduqdan sonra, Finlandiyanı minimal hesabla üstələmişdik. Bu dəfə də oxşar hisslər yaşayırıq.

- Futboçularda bu cür iddia varmı?
-Bu, futbolçunun özündən asılıdır. Nə mən, nə sən, nə kapitan, nə də baş məşqçi deməklə düzəlir. Başa düşmək lazımdır ki, bizə camaat baxır. Söyüş yiyəsi oluruq. Meydançaya çıxırlar, 2-3 toxunuşdan sonra ayaqları əsir, topu itirirlər. Elə bilirsiniz ki, paltardəyişmə otağında bunları səhv buraxanlara demirik. Və ya məşqşi onlara nəsə demir? Neyləyək? Siz deyin, biz eləyək də? Milli komandanın üzvlərini əvvəllər qınamaq olmazdı. Amma indi lazımdır. Çünki AFFA rəhbərliyi bu qədər yoldaşlıq oyunları təşkil edir, yığmaya bütün şəraiti yaradır.

- Uelsi məğlub edə bilərikmi?
- Bu barədə danışmağa çətinlik çəkirəm. Əgər Uelsə qalib gəlsək, bugünkü məğlubiyyət unudular. Ümumiyyətlə, son vaxtlar bütün uduzuduğumuz matçlar yaddan çıxar. Uşaqlardan çox istəyirəm ki, var-qüvvələrini səfər edib, azarkeşlərə uğursuzluqları unutdursunlar.
0