Ramal Hüseynov təklif aldığı klubların adlarını açıqladı
03.06.2009 - 11:32
Ramal Hüseynov təklif aldığı klubların adlarını açıqladı
“Artıq Bakıdayam və özümü yaxşı hiss edirəm. Bildiyiniz kimi, “Kocaelispor”un heyətində son turda meydanda oldum və “Hacettepe” ilə görüşdə qola imza atdım. İndi Türkiyə təmsilçisi ilə müqaviləm başa çatmaq üzrədir. Lakin, imkan yaradılsa bu klubda qalmağı düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu Ramal Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib.

Ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyənin Superliqa təmsilçisi, artıq birinci diviziona düşən "Kocaelispor" klubunda keçirən 25 yaşlı yarımmüdafiəçi prezident seçkilərini gözləyir: “Prezident seçkilərin nəticəsi ilə yanaşı, mənim klubda qalıb-qalmayacağım müəyyənləşəcək. Bundan əlavə, demək istərdim ki, Türkiyədə "Kocaelispor"dan başqa digər klublardan da mənə maraq göstəriblər. Daha dəqiq söyləsək "Samsunspor", "Kasımpaşa" və "Bucaspor" təkliflər var. Azərbaycan klubları da məni unutmayıblar. Adlarını açıqlamaq istəməsəm də, bu klubların arasında paytaxtı təmsil edənlər də var. Lakin yenə bildirmək istəyirəm ki, imkan olsa, Türkiyədə qalacağam".

Türkiyə Superliqasında futbol atmosferi yüksək səviyyədə olduğunu deyən Ramal futbolumuzun səviyyəcə qardaş ölkədən geri qalması faktını qəbul edir: “Etiraf etmək lazımdır ki, Azərbaycan futbolunun səviyyəsi Türkiyə futbolu səviyyəsinə çatması üçün çox çalışmalıdır. Bu faktdır! "Kocaelispor"a gəlincə, bu klubun böyük maliyyə problemləri var. Kluba ilk gəldiyim vaxtda baş məşqçi məndən razı olduğunu bildirirdi. Ancaq buna baxmayaraq sonradan məni ardıcıl olaraq komandanın əsas heyətinə daxil etmədi. Yalnız son turda meydana ilk onbirlikdə daxil oldum və qola imza atdım. Sərgilədiyim oyunla sübut etdim ki, mən heç də digər futbolçulardan zəif deyildim. Bunu klubun prezidenti də oyundan sonra baş məşqçiyə söylədi".
0