Pirs: Müsəlmanlarla xristianlar bir yerdə yaşamamalıdır
03.06.2009 - 12:07
Pirs: Müsəlmanlarla xristianlar bir yerdə yaşamamalıdır
İngiltərə yığmasının baş məşqçisi Stüart Pirs və qardaşı arasında fikir ayrılığı yaranıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanla 21 yaşlılardan ibarət komandaların oyunu ərəfəsində Britaniya futbolunun əfsanəvi müdafiəçisi qardaşının sözləri ilə razılaşmadığını açıqlamağa məcbur olub. Hətta o, özündən yaşca böyük olan Dennisin fikirlərinə münasibət də bildirməyi vacib sayıb.

Məsələ ondadır ki, Avropa parlamentinin deputatı olan böyük Pirs irqi, dini və etnik ayrı-seçkiliyə meylli olmağı ilə seçilir. Dennis ölkəsinin gəlmələrlə kifayət qədər “dolduğunu” bəyan etməklə, mühacirlər üçün “qapılar”ın bağlanmağını tələb edir. Bu azmış kimi, böyük Pirs dinlə bağlı fikirlərini də açıqlamışdı: “Müsəlmanlarla xristianlar birlikdə yaşaya bilməz. İslam Britaniya üçün ənənəvi olan xristianlıqla bir araya sığmır”.

Bütün fikirlərini U-21-in qarşıdakı Avropa çempionatının final mərhələsinə və Azərbaycanla oyuna yönəldən Stüart isə qardaşı kimi fikirləşməyin ona baş məşqçi postu bahasına başa gələcəyini yaxşı dərk edir: “Qardaşımın siyasi fikirləri onun şəxsi mövqeyidir. Bu, mənim baxışlarıma təsir etmir. Bizim futbol assosiasiyası bütün səviyyələrdə irqi və dini ayrı-seçkiliyə qarşı mübarizə aparır”.
0