Milli komandamız FİFA-nın reytinqində irəlilədi
03.06.2009 - 12:26
Milli komandamız FİFA-nın reytinqində irəlilədi
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan ötən ayla müqayisədə iki pillə irəliləyib. İndi milli komandamız 142-ci yerdədir. Hesabında 201 xal olan yığma UEFA-nın reytinqində mövqeyində - 48-ci pillədə qalıb.

Almaniyalı məşqçi Berti Foqtsun rəhbərlik etdiyi yığma son reytinq hesablanan dövrdə bir oyun keçirib. Bu da Türkiyə ilə dünən Kayseri şəhərində məğlub olduğumuz (0:2) yoldaşlıq görüşüdür. Göründüyü kimi, komandamız uduzanda reytinqdə irəliləyir.

Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən Almaniya ilə Rusiya yenə ilk “onluq”da qərarlaşıb. Bir pillə geriləyən almanlar 1378 xalla 3-cü yerə düşüblər. Ruslar 1167 xalla 9-cu pillədə qalıblar. İki pillə irəliləyən Finlandiya (614 xalla) 49-cu yerə yüksəlib.

Milli komandamızın qarşıdakı rəsmi oyunda görüşəcəyi Uels bir pillə geriləyib. İyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda qonağımız olacaq uelslilər 468 xalla 74-cü yerdədir. Hesabında 125 xal olan Lixtenşteyn bir pillə geriləyərək, 156-cı yerdə qərarlaşıb.

Siyahıya iyunun 9-da Bakıda yoldaşlıq görüşündə üz-üzə gələcəyimiz son Avropa çempionu İspaniya yığması (1761 xal) başçılıq edir. İkinci yerdə 1442 xalla Hollandiya millisidir. Azərbaycan üzərindəki qələbə Türkiyə millisinə düşüb. Belə ki, qardaş ölkənin komandası (964 xal) 12-ci pilləyə yüksəlib.
0