Azərbaycanla oyunda Ermənistanı düşünən kimdir?
03.06.2009 - 12:45
Azərbaycanla oyunda Ermənistanı düşünən kimdir?
Türkiyənin 21 yaşlılardan ibarət yığma komandasının (U-21) baş məşqçisi Hami Mandıralı Azərbaycanla oyunda Ermənistanla görüş haqda düşünəcək. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis Azərbaycanla bugünkü yoldaşlıq oyununa seleksiya prosesi kimi yanaşır.

Mandıralı matçda iyunun sonuna - iyulun əvvəlində İtaliyanın Peskara şəhərində keçiriləcək Ağdəniz oyunlarına 16 futbolçu seçəcək. İyulun 9-da İrəvanda Ermənistanla rəsmi görüşdə üz-üzə gələcək Mandıralı bu rəqibi qrupun aparıcı komandalarından biri hesab edir: “Bu, bizim üçün çox önəmlidir. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Buna gücümüz var. Əslində, oyunun favoriti kimi biz görünürük. Məqsədimiz Danimarkada keçiriləcək final mərhələsinə vəsiqə qazanmaqdır. Çox geniş və güclü bir heyətimiz var. Hamısını ən yaxşı şəkildə dəyərləndirib, final mərhələsinə getməyə çalışacağıq”.

Mandıralı Ermənistanla oyunu siyasiləşdirməyin tərəfdarı deyil: “Futbol bütün dünyanı bir araya gətirən oyun oldu. Biz olaya bu nöqteyi-nəzərdən baxırıq. Bizə qarşı yeni yaxşı mübarizə aparacaqlarına inanıram. Biz də bundan əvvəlki oyunda Ermənistana qarşı çox yaxşı mübarizə aparmışdıq”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq Türkiyə - Azərbaycan oyununu Süleyman Abayın başçılıq etdiyi yerli hakimlər idarə edəcək.
0