“Olimpik”in futbolçusu milli komandada oynamaqdan imtina etdi
03.06.2009 - 13:07
“Olimpik”in futbolçusu milli komandada oynamaqdan imtina etdi
Dünya çempionatının seçmə mərhələsində növbəti iki matçını keçirəcək Moldova yığması 5 futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, iyunun 6-da və 10-da müvafiq olaraq, Gürcüstan və Belarusun qonağı olacaq moldovalıların baş məşqçisi İqor Dobrovolski düşərgəyə dəvət etdiyi oyunçuların bəzilərinin xidmətindən məhrum olub.

Bakının “Olimpik” klubunun müdafiəçisi, yığmanın son matçlarında kapitan sarğısı ilə meydana çıxan Sergey Laşenkov da itkilər sırasındadır. Təcrübəli futbolçu ağır mövsümdən sonra yorğun olduğunu əsas gətirərək, yığmadan kənarlaşdırılmağını xahiş edib. Dobrovolski eyni arzuda olan Vitali Bordiyanın (“Metallist, Ukrayna) da qarşıdakı matçlardan azad olunmasına razılıq verib. Müxtəlif səbəblərdən Aleksandr Qatskan, Vitali Mamaliu və Andrey Korneyenko da Moldova yığmasına kömək etməyəcək.

Qeyd edək ki, “Bakı”nın heyətində Azərbaycan çempionu olan Aleksey Savinov da Moldova yığmasının qarşıdakı oyunlarına çağırılıb.
0