“Berti Foqtsun fikirlərini həyata keçirə biləcək futbolçular tapılmalıdır” - MÜSAHİBƏ
03.06.2009 - 13:22
“Berti Foqtsun fikirlərini həyata keçirə biləcək futbolçular tapılmalıdır” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun müsahibəsi

- Türkiyə - Azərbaycan matçı ilə bağı düşüncələrinizi bilmək istərdik.
- Mən bu oyunu iki hissəyə ayırardım. Rəşad Sadıqovun meydanda olduğu anadək komandanın göstərdiyi olan oyun və onun meydandan qovulduqdan sonra olan oyun. Rəşad qovulduğu ana qədər komanda pis təsir bağışlamırdı. Amma qovulduqdan sonra, biz tək qapı oyunun şahidi olduq. Ancaq buna baxmayaraq, bu oyundan da düzgün nəticə çıxarmaq çox vacibdir. Və inanıram ki, heyətdə dəyişikliklər olacaq. Uels millisi ilə oyunda komanda tamamilə fərqli bir futbol nümayiş etdirərək qələbə əldə edəcək.

- Türkiyəyə qarşı göstərdiyimiz bu oyunla, Uelslə qarşılaşmada hansı nəticəni əldə edə bilərik?
- Bu oyun hazırlıq xarakteri daşıyırdı. Berti Foqts komandadakı nöqsanları gördü, bu nöqsanları aradan götürmək üçün hələ xeyli vaxt var. Hesab edirəm ki, baş məşqçi dəyişiklikləri edəcək və lazım olan taktiki modeli hazırlayacaq. Komanda yeni bir formada, mübariz şəkildə meydana çıxaraq və azarkeşlərin də dəstəyi ilə uğurlu nəticə əldə edəcək.

- Müdafiədə nisbətən yaxşı oyun göstərirdik, amma hücum xəttində problemlər vardı...
- Mən bu problemi sırf hücumçularla bağlamazdım. Müasir futbolun tələblərindən biri odur ki, hücumu çoxlu futbolçularla təşkil etməlisən. Biz bu gün hücumda topu qoruyub saxlamalı və hücum təşkil edəndə ən az 6-7 futbolçudan istifadə etməliyik. Məncə bunu Türkiyə ilə oyunda sırf bir hücumçu ilə çıxış edən Berti Foqts da başa düşür. Cinahlardan Cavid Hüseynov və Mahir Şükürov eləcə də, Qomeş hücuma qoşulurdu, amma bu Türkiyəylə oyunda yenə də azlıq edirdi. Əgər bu model qoruyub saxlansa da, görünür Uelslə oyunda hansısa ayrı futbolçulara ehtiyac olacaq. Berti Foqtsun fikirlərini həyata keçirə biləcək futbolçular tapılmalıdır. Bu oyun onu göstərdi ki, Uelslə oyunda heyətdə dəyişikliklər qaçılmazdır.

- Vaqif bəy Türkiyə millisi ilə qarşılaşmada oyun qurucusu baxımından da problemlər diqqət çəkirdi, sizcə bu Fabionun yoxluğu ilə bağlı idi?
- Problemlər çoxdu. Amma Berti Foqtsun nə düşündüyünü dəqiq deyə bilmərəm. Ola bilər baş məşqçi bu oyunda başqa oyunçuları sınamaq istəyib və ya bəzi oyunçuları Uelslə oyun üçün qoruyub saxlayıb. Amma əsas odur ki, biz Türkiyə millisiylə oyunda hansı səhvləri etmişiksə, Uelslə oyunda bu səhvləri etmək olmaz. Bu məğlubiyyətdən də dərs çıxarmaq lazımdır.

- Sizcə Türkiyəylə matçda hesab oyuna görə oldu?
- Bizim bu oyunda elə bir yüksək nəticə əldə etmək şansımız yox idi. Düzdür, burda reallıq da öz rolunu oynadı, çünki biz hazırda Türkiyə millisi ilə başa-baş mübarizə aparmaq gücündə deyilik. Düşünürəm ki, hesab oyuna görə oldu. Buna görə başa düşmək olar ki, komandalar ayrı-ayrı vəzifələrlə meydana çıxmışdılar. Amma Uelslə oyunda tamam fərqli heyət, fərqli oyun, fərqli nəticə gözləmək olar. Futbolçular da məşqçilər də bunu başa düşür ki, futbol ictimaiyyəti Uelslə oyunda onlardan yaxşı nəticə gözləyirlər.

- Uelslə oyunla bağlı nə düşünürsünüz?
- Bədbin olmaq olmaz, nikbin olmaq lazımdır. Baxmayaraq ki, komanda Türkiyəyə məğlub olub, amma oyunda yaxşı tərəflər də vardı. Bu oyun göstərdi ki, milli komandamız rəqibdən asılı olmayaraq ehtiyatlı müdafiə oluna bilir. Məncə, Berti Foqts ciddi dəyişikliklərə əl atacaq və biz Uelslə matçda millinin fərqli bir oyununun şahidi olacağıq. Biz hamımız istəyirik və inanırıq ki, millimiz Uelslə oyunda hamımızı sevindirəcək.

Mənbə: anspress.com
0