Azərbaycan kubokundan Fransa – Türkiyə matçınadək
03.06.2009 - 15:44
Azərbaycan kubokundan Fransa – Türkiyə matçınadək
Azərbaycan kubokunun final matçını idarə edən almaniyalı hakim Manuel Qrafe iyunun 5-də keçiriləcək Fransa – Türkiyə görüşünə dəvət alıb. Apasport.az saytının məlumatına görə, Fransa Futbol Federasiyası ötən mövsüm Azərbaycan kuboku uğrunda “Xəzər-Lənkəran” və “İnter” arasında Respublika stadionunda baş tutan oyunda fit çalan 36 yaşlı FİFA referinin xidmətində maraqlıdır. 2007-ci ildən beynəlxalq dərəcə daşıyan Qrafe Lion şəhərindəki “Stade de Gerlan” stadionunda idarəçilik edəcək. Ona Felix Zvayer, Markus Hacker və Nicolas Boillin yardımçı olacaq. Cümə günü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq oyun TRT-1 ilə canlı yayımlanacaq.

Qrafe Azərbaycanda idarə etdiyi yeganə oyunda “Xəzər-Lənkəran”dan Dmitri Kramarenko Kostadin Cambazov, Elmar Baxşıyev, “İnter”dən Svilen Semyonov, Samir Abbasov, Milan Zaqorats və Qoran Arnauta sarı vərəqə göstərib. Həmin görüşdə qalib əsas vaxtda müəyyənləşmədiyi üçün 30 dəqiqədən ibarət əlavə vaxt təyin edilib. “Xəzər-Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Juninyo Osvaldo dörd dəqiqəyə etdiyi “dubl”la (115 və 119-cu dəqiqələr) komandasına kubok qazandırıb.
0