Cəhənnəm yığmasında oynayan məşqçi kimdir?
03.06.2009 - 16:26
Cəhənnəm yığmasında oynayan məşqçi kimdir?
“Çelsi”nin baş məşqçisi Karlo Ançelotti həyatında təkcə futbolla məşğul olmayıb. Apasport.az saytının məlumatına görə, məşhur italiyalı mütəxəssis futbolçu və məşqçiliklə yanaşı, aktyorluqda da özünü göstərib.

Bir çoxlarının sırf futbola adamı kimi tanıdığı 50 yaşlı çalışdırıcı indiyədək üç filmə çəkilib. Onun ən məşhur obrazı “Don Kamillo” komediyasında olub. 1983-cü ildə çəkilən filmdə həmin vaxt futbolçu olan Ançelotti öz sənətini canlandırıb. Həmin kinoda Cəhənnəm yığması ilə mələklərin komandası görüşüb. O vaxt gənc olan Karlo mənfi obraza çəkilərək, iblislərin heyətində meydana çıxıb. Hətta rəqibini vuraraq, xəbərdarlıq da alıb. Ançelotti sonradan “Mezzo destro, mezzo sinistro” və “Lallenator nel pallone” filmlərinə də dəvət alıb.

Aktyorluq dövrlərini xatırlayan Ançelotti kinonun futbol qədər maraqlı olmadığını düşünür: “Eyni komandaların oyununa 10 dəfə baxmaq olar. Hər dəfə fərqli nəticə və fərqli oyun görmək mümkündür. Kinoda isə belə deyil. Eyni filmə 10 dəfə də baxsan, heç nə dəyişməyəcək, əvvəlki kimi qalacaq”.
0