Rəşad Sadıqov: 1, 2, 3, 4, 5... Davamı olacaq?
03.06.2009 - 17:05
Rəşad Sadıqov: 1, 2, 3, 4, 5... Davamı olacaq?
Milli komandamızın kapitanı Rəşad Sadıqov Türkiyə ilə dünənki yoldaşlıq görüşündə qırmızı vərəqə almaqla, “siftə” etdi. Apasport.az saytının araşdırmalarına görə, müdafiəçi yığmada ilk “qırmızı”sını 53-cü oyununda gördü.

İndiyədək nadir hallarda meydanda qovulan 27 yaşlı futbolçu Berti Foqtsun yığmamıza rəhbərlik etdiyi dövrdə penalti zərbələri “qazanması” ilə seçilir. Çünki alman çalışdırıcı komandamızın baş məşqçisi kimi ilk rəsmi matçında Sadıqovun qapımıza penalti qazandırmasının şahidi olub. Bu, ötən il sentyabrın 6-da, Uelslə paytaxt Kardiffdəki “Milenium” stadionunda keçirilən rəsmi oyunda baş verib. Komandamızın bu və türklərlə Kayseri şəhərindəki “Kadir Has” arenasında baş tutan görüşlərini müqayisə etsək, xeyli maraqlı məqam ortaya çıxır.

Birincisi, Rəşad penaltiyə ikinci hissənin ilk yarısında baiskar olur.

İkincisi, həmin vaxtadək hesab açılmır, tabloda ancaq qoşa sıfırlar yanır.

Üçüncüsü, onun yıxdığı futbolçular özləri penalti zərbələrini vurmağa qərar verirlər.

Dördüncüsü, bu hücumçular “9 nömrə”li formanı geyirlər. Bu bəxtsizlər Uelslə oyunda Ceyson Kumas, Türkiyə ilə görüşdə Semih Şəntürkdür.

Beşincisi, həmin hücumçular zərbəni dəqiq vura bilmirlər.

Daha dəqiq desək, milli komandamızın qapıçıları öz məharətlərini nümayiş etdirərək, bir növ Sadıqovu xilas edirlər. Uelsdə matçda Kamran Ağayev, Türkiyə ilə görüşdə Fərhad Vəliyev bu funksiyanı yerinə yetirir. Və nəhayət, qapıçıların bu fədakarlıqlarına baxmayaraq, yığmamız meydanı məğlub tərk edir: Azərbaycan səfərdə Uelsə 0:1, Türkiyəyə 0:2 hesabıyla yenilir.

Bu görüşlərlə bağlı paralel aparanda bir məqam da ondan ibarətdir ki, hər iki halda, nəticəyə komandamız meydanda 10 nəfərlə qalması böyük təsiri edib. Rəşad 51-ci dəqiqədə Semihə qarşı kobudluğunu “sonuncu ümid folu” kimi qiymətləndirən slovakiyalı hakim Mario Vik ona birbaşa qırmızı vərəqə göstərib.

Uels - Azərbaycan görüşünü idarə etmiş makedoniyalı FİFA referisi Aleksandar Stavrev isə Sadıqovun 66-cı dəqiqədə penalti zərbəsini yaratdığı epizodda ona sarı vərəqə göstərməklə kifayətlənib. Əvəzində o, milliləşən braziliyalı legionerimiz Fabio Luis Ramimə ikinci hissədə 20 dəqiqəyə (48 və 68-ci dəqiqələrdə) iki sarı vərəqə göstərməklə meydandan qovub və bununla da komandamızı azlıqda qoyub.

Milli komandamızda Türkiyə publikasına daha çox tanış futbolçu elə Rəşaddır. Vaxtilə “Kayserispor”, ötən mövsümün ikinci dövrəsindən isə “Kocaelispor”un heyətində Superliqanın iştirakçısına çevrilən Sadıqov türklərlə görüşün ilk hissəsində yaxşı təsir bağışlasa da, fasilədən sonra penalti zərbəsinə səbəbkar olmaq bir yana, üstəlik qırmızı vərəqə aldı. Bununla belə, Türkiyə mətbuatında komandamızın heyətində ən yüksək qiymət (6 bal) alan iki futbolçudan biri də məhz Rəşad oldu.

O, yığmamızın Türkiyə ilə oyunları zamanı qol vuran yeganə futbolçu kimi də tarixə düşüb. Bu, 2006-cı ilin aprelin 12-də Tofiq Bəhramov adına stadionda 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşü olub. Maraqlıdır ki, həmin qol da penalti ilə bağlıdır.

Sadəcə, fərq ondadır ki, Sadıqov həmin vaxt özü rəqib qapısına 11 metrlik zərbəsini dəqiq yerinə yetirib.