Türkiyə - Azərbaycan: komandalar dəyişdi, hesab dəyişmədi
04.06.2009 - 10:00
Türkiyə - Azərbaycan: komandalar dəyişdi, hesab dəyişmədi
Azərbaycanın gənclərdən ibarət milli komandası növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə oyunlarına hazırlaşan 21 yaşlılardan ibarət yığmamız Türkiyə ilə qarşılaşıb. İstanbulun “Rəcəb Tayyip Ərdoğan” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qalib gəliblər - 2:0.

Maraqlıdır ki, gənclər yığmalarından bir gün əvvəl üz-üzə gələn əsas millilərin qarşılaşmasında da eyni hesab qeydə alınmışdı. Hər iki qarşılaşmada da meydan sahibləri qolları fasilədən sonra vurub. Almaniyalı baş məşqçi Bernard Lippertin başçılıq etdiyi komandamız isə ümumiyyətlə görüşün son 7 dəqiqəsində qapısında qol görüb. Matçın 83-cü dəqiqəsində Adnan Karabaş, 3 dəqiqə sonra isə Erhan Şəntürk qapıçımız Osman Umarovu məyus edib.

Qeyd edək ki, U-21 növbəti yoxlama matçını iyunun 8-də İngiltərədə meydan sahiblərinə qarşı keçirəcək.