“Qrup lideri olmaq üçün Azərbaycanı məğlub etməliyik”
04.06.2009 - 11:00
“Qrup lideri olmaq üçün Azərbaycanı məğlub etməliyik”
“Mövsümün əvvəlində öz vəzifələrimi yerinə yetirdim - güc topladım, əvvəlki formamı bərpa etdim. Hələ martda, komandaya gəlişim zamanı mənə dedilər ki, klubda yeni toplanışa hazırlaş. Mən də hazırlaşdım, darıxmağa vaxtım olmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının müdafiəçisi Denis Kolodin deyib.

Moskva “Dinamo”sunda forma geyinən futbolçu Azərbaycan milli komandası ilə martın 28-də Moskvada keçirilən rəsmi matçda (2:0) dəvət olunsa da, sonadək ehtiyatda qaldı. Cari seçmə mərhələdə son oyununu oktyabrın 14-də Bakıda milli komandamıza qarşı keçirəcək Rusiya qrupda 1-ci yer uğrunda mübarizədə hazırkı lider Almaniya ilə gərgin mübarizə aparır.

İyunun 10-da Helsinkidə Finlandiya yığması ilə görüşəcək Kolodinin sözlərinə görə, qarşıya qoyulan məqsədə çatmaq üçün qalan oyunlarda xal itkisi yolverilməzdir: “Finlandiya milli komandasının bizi qrupda 2-ci yerdən sıxışdırması haqda heç düşünmək belə istəmirəm. Bizə qrupda 3-cü yerə görə dəqiq bürünc medal verilməyəcək. İndi bütün fikirlərim dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə verən 1-ci yer uğrunda Almaniya ilə mübarizəyə yönəlib. Birinci olmaq üçün hamını – Finlandiya, Uels, Lixtenşteyn, Azərbaycan və Almaniyanı məğlub etmək lazımdır. Əgər Helsinkidə büdrəsək, tamam başqa vəzifələri yerinə yetirməli olacağıq”.

Qeyd edək ki, Denis ötən yay Rusiya milli komandasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb.
0