“Rəşad Sadıqov əlimizdən uçub getsə...”
04.06.2009 - 11:38
“Rəşad Sadıqov əlimizdən uçub getsə...”
“Kocaelispor” rəhbərliyinin yeni mövsümlə bağlı iş görməkdə ləngiməsi türkiyəli həmkarlarımızı qəzəbləndirib. Apasport.az saytının məlumatına görə, izmitli jurnalistlər konqres keçirərək, planlarına aydınlıq gətirəcək komandanı qınaq obyektinə çeviriblər.

Onların fikrincə, Superliqadakı yerini itirən “Kocaelispor”un gecikməsi daha ağır itkilərə səbəb olacaq: “Aparıcı futbolçular artıq çamadanlarını toplayır. Elə Rəşad Sadıqov da onlardan biridir. Qış fasiləsində heyətə cəlb olunan azəri futbolçu soyuqqanlılığı ilə diqqət çəkir. Belə bir müdafiəçiyə birinci dəstədə də ehtiyacımız olacaq. Özü də Rəşad legioner statusu da daşımır”.

“Kocaelispor” tərəfdarları Rəşadın özünün də klubdan ayrılmağa münasibətindən xəbərdardırlar: “Ən əsası Rəşad özü də komandada qalmaq istəyir. Lakin anlaşmağa adam tapmır ki, onunla danışsın. Sadıqov haqlı olaraq, “məsələ indiyə kimi həll olunmalı idi” deyir. Bir həftəyə “transfer pəncərə”si rəsmən açılacaq. Klublar yaxşı oyunçuları ələ keçirməyə çalışacaq. Rəşad kimisinin də müştəriləri çoxdur. Belə gedişlə, onun itirəcəyik. Bu isə bizim üçün ağır itki olar. Axı belə futbolçunu çətin taparıq. Rəşad əlimizdən uçub getsə, bunun məsuliyyətini klub rəhbərliyi daşıyacaq”.

İzmitlilər təkcə Rəşadı deyil, çempionatın ikinci hissəsində yalnız bir dəfə - son turda meydana çıxıb qol vuran Ramal Hüseynovun da “Kocaelisor”da qalmasını istəyirlər: “Hacettepe” ilə görüşdə Ramal əla oynadı. O, legioner olsaydı, “geri qaytaraq” deyərdim. Amma Ramal əcnəbi sayılmır ki...”.

Qeyd edək ki, Türkiyə çempionatının birinci dəstəsində legioner limiti “2+1” olsa da, bu, azərbaycanlı futbolçulara şamil olunmur.
0