Yığma kənd komandası ilə oynasın!
04.06.2009 - 12:18
Yığma kənd komandası ilə oynasın!
2010-cu il dünya çempionatının seçmə mərhələsində növbəti rəsmi oyununu avqustun 12-də Bakıda Azərbaycana qarşı keçirəcək Almaniya yığmasında qarşıdurma yaranıb. Apasport.az saytının məlumatına görə, Bundestimin zəif komandalarla yoldaşlıq görüşü keçirməsi veteran futbolçular arasında narazılığa səbəb olub.

Belə ki, məşhur Uli Heness Yoahim Lövün baş məşqçisi olduğu milli komandaya sərt mesaj göndərib: “Lixtenşteyn, Andorra, Farer adaları, Birləşmiş Ərəb Əmirlikləri – Almaniya yığması bax belə rəqiblərlə oynayır. Bu görüşlərin mənası nədir? Bunlar elə rəqiblər deyil ki, futbol dünyasında hansısa rol oynasın. Biz yalnız ona nail olarıq ki, futbolçular Abu-Dabi yığmasını udmaqla, özlərini dahi sayacaqlar”.

“Bavariya”da menecer işləyən Heness yığmanın əsas tənqidçilərindən hesab olunur. O, Lövə sınaqçı rəqiblə bağlı orijinal təklif verib: “Gedin, Bavariya kəndindən olan həvəskar komanda – “Teqernzee” ilə oynayın. Bu komanda Almaniya yığmasının məşq etdiyi yerin yaxınlığında yerləşir”.

Milli komandamızla görüşə hazırlıq çərçivəsində Şanxayda Çinlə (1:1), Dubayda Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşü keçirən Löv narazılıqlara baxmayaraq, Asiyadakı oyunları vacib sayır: “Biz burada futbolçular haqda heç də az olmayan faydalı informasiyalar aldıq”.

Qeyd edək ki, Heness milli komandamızı baş məşqçisi olan həmyerlisi Berti Foqtsla uzun müddət bir yerdə oynayıb. Onlar Almaniya yığmasının heyətində 1972-ci ildə Avropa çempionu, 74-cü ildə dünya çempionu, 1976-cı ildə Avropa çempionatının gümüş medalçısı olublar.
0