Azərbaycanlı futbolçunun avtomobilini əlindən aldılar
04.06.2009 - 12:25
Azərbaycanlı futbolçunun avtomobilini əlindən aldılar
2008/09 mövsümünün ikinci dövrəsini “Kocaelispor” klubunda keçirən Ramal Hüseynovun Türkiyədə bəxti heç gətirməyib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçumuz qardaş ölkədə avtomobil qəzasına düşməklə yanaşı, həm də maşınını itirib. Belə ki, onun avtomobili əlindən alınıb.

Buna “Kocaelispor”un aşağı yaş qruplarından ibarət komandasının məşqçisi İsmayıl Yılmaz səbəbkar olub. Yılmaz ötən yay “Neftçi”yə keçən, ancaq tezliklə almaniyalı baş məşqçi Hans-Yurgen Gede tərəfindən qovulan Levent Kartopdan avtomobilini müvəqqəti istəyib. Leventin cavabı isə belə olub: “Keçən dəfə Ramal Hüseynovun maşınını aldın, geri qaytarmadın. Maşınımı verməyəcəyəm, o, mənə lazımdır”. Bunu eşidən İsmayıl Leventin üzərinə şığıyıb. Digər futbolçular araya girərək, dava-dalaşı yatırıblar.

Baş verənlərdən xəbərdar olan “Kocaelispor”un bombardiri Taner Gülləri Yılmaza təpki göstərib: “Sən bizim haqqımızda hər yerdə nə gəldi danışırsan. Bu azmış kimi, dostlarımızı da təhdid edirsən. Səni klubda görmək istəmirik”. Gülləri ilə Yılmaz arasında problem bir az da böyüyüb və hətta hücumçu məşqçisinə yumruq da atıb.

Qeyd edək ki, Ramal Superliqada "Beşiktaş"la görüşün ertəsi günü, yəni aprelin 11-də İzmitdə avtomobil qəzasına düşüb. O, klubun verdiyi xidməti avtomobili idarə edərkən, qarşıdan gələn yük maşını ilə toqquşub. Polislər hadisədə yük maşının sürücüsünü günahkar saymışdılar. Ramal qəza nəticəsində ayağından və başından yüngül xəsarət almış, maşını isə əzilmişdi. Elə həmin gün yerli xəstəxanaların birinə yerləşdirilən həmyerlimiz ilkin tibbi müayinədən sonra evə buraxılmışdı.
0