Bülənt Korkmazdan sensasion açıqlama
04.06.2009 - 13:03
Bülənt Korkmazdan sensasion açıqlama
Dünən “Qalatasaray” klubunun baş məşqçi postundan rəsmən ayrılan Bülənt Korkmaz Azərbaycandan təklif alıb. Bu haqda apasport.az saytına eksklüziv açıqlamasında Korkmazın özü məlumat verib.

3 ay öncə “Bakı”nın dəvəti ilə ölkəmizə gələn 41 yaşlı mütəxəssis Türkiyəyə qayıdandan dərhal sonra “Cim Bom”un yeni çalışdırıcısı təyin edildi. Həmin vaxt almaniyalı Mihael Skibbeni əvəzləyən Korkmaz mövsüm bitən kimi istefa ərizəsi yazdı.

Yeni təkliflər aldığını söyləyən Korkmaz iddia edib ki, onunla Azərbaycan komandaları da maraqlanır: “Ölkə kənarından, Asiyadan dəvət almışam. Ölkənizdən konkret 2 klubdan təklif var. İndi ad deməyəcəyəm. Yalnız onu söyləyə bilərəm ki, bunlar ciddidir və təkliflər mənə menecerlərin vasitəsilə gəlib. Təbii ki, bunlar baş məşqçiliklə bağlıdır. Başqa posta dəvət mümkün deyil. Ancaq bir müddət gözləyəcəyəm. Bir neçə gün istirahət edib, bundan sonra təkliflərə baxacağam”.

Qeyd edək ki, Korkmaz karyerası boyu şərəfini qoruduğu “Qalatasaray”da çoxsaylı titullara sahib çıxıb, 2000-ci ildə UEFA kubokunun qalibi olub. Uzun müddət Türkiyə yığmasında kapitan sarğısını daşıyan veteran müdafiəçi 2002-ci il dünya çempionatının bürünc medalını qazanıb.

Korkmazın rəhbərliyi altında “Qalatasaray” mövsümü 5-ci pillədə başa vurub və Avroliqaya yüksəlib. Ötən mövsüm UEFA kubokunda mübarizəni 1/8 finalda dayandıran “Cim-Bom” yeni mövsümdən Avroliqada Ağdamın “Qarabağ” klubunun potensial rəqiblərindəndir.

0