Adamiya və Səmədov Azərbaycan yığmasında!?
04.06.2009 - 14:30
Adamiya və Səmədov Azərbaycan yığmasında!?
Baham adalarının paytaxtı Nassauda keçirilən FİFA-nın sayca 59-cu konqresi öz işini yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovun da qatıldığı toplantıda müxtəlif qərarlar qəbul olunub. Bunlardan biri isə tarixi qərar kimi diqqət çəkib.

Belə ki, FİFA 2 pasport daşıyan və əsas milli komandada oynamamış futbolçuların seçim etmələri üçün tətbiq olunan 21 yaş həddini aradan götürüb. Konqresdə bu qərar 58 səs çoxluğu ilə qəbul edilib.

Qərarın detallarına vararaq onu qeyd edək ki, 2 ölkənin vətəndaşlığını daşıyan futbolçular bundan sonra istənilən yaşda seçimlərini edə bilərlər. Bunun üçün yeganə şərt odur ki, həmin futbolçu əvvəllər heç bir ölkənin əsas milli komandasında oynamasın. Öncə isə futbolçular 21 yaşadək qəti seçim etməli idilər.

Bu təklifi Əlcəzair Futbol Federasiyası irəli sürüb. Əlcəzairlilər xüsusilə, “Latsio”nun yarımmüdafiəçisi Murad Meqnini yığmaya cəlb etmək istəyirlər. Fransada doğulmuş, bu ölkənin U-17 və U-21-in formasını geyinmiş Murad əsas milli komandada oynamayıb. Bu səbəbdən əlcəzairlilər yaş limitinin aradan götürülməsi ilə istedadlı futbolçunu öz milli komandalarına dəvət etmək niyyətindədirlər.

Tarixi qərar Azərbaycan yığmasında da yeni oyunçuların görünməsinə şərait yaradır. Son illərdə AFFA rəsmiləri gürcüstanlı Georgi Adamiya (“Bakı”), serb Vladimir Miçoviç (“Neftçi”) və Premyer Liqada oynayan digər əcnəbi futbolçuları milli komandaya cəlb etmək istəsələr də, 21 yaş limiti buna əngəl törədib. Eyni zamanda, əslən azərbaycanlı, hazırda “Moskva” klubunda çıxış edən Aleksandr Səmədovun da Azərbaycan yığmasına yolu açılıb. O, 2003-cü ildə, 21 yaşının tamam olmasına az qalmış Rusiya milli komandasında oynamaq qərarına gəlsə də, ona indiyədək dəvət göndərilməyib.

Çox güman ki, AFFA əsas yığmamızı gücləndirmək üçün yuxarıda adları sadalanan futbolçuların milli komandaya cəlb olunması yönündə tezliklə işlərə başlayacaq.
0