Con Toşak Azərbaycan yığması ilə oyun üçün futbolçu tapa bilmir
04.06.2009 - 15:42
Con Toşak Azərbaycan yığması ilə oyun üçün futbolçu tapa bilmir
İyunun 6-da keçiriləcək dünya çempionatının seçmə matçında Azərbaycanla qarşılaşacaq Uels yığmasının baş məşqçisi Con Toşak ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, məşhur mütəxəssis Bakıda baş tutacaq oyunun protokoluna adlarını daxil etməyə futbolçu tapmır.

İş ondadır ki, ölkəmizə gələn qonaq komandanın heyətində cəmi 18 oyunçu var. Görüşün protokoluna elə bu sayda futbolçunun adı daxil edilsə də, Toşakı başqa məsələ qayğılandırır. Belə ki, onun sərəncamındakı futbolçulardan ikisi yox, üçü qapıçıdır. Hərçənd, oyunun “18-liy”inə iki əlcək sahibinin adı qeyd oluna bilər. Düzdür, üçüncü qapıçının adının protokolda göstərilməsi qadağan olunmayıb. Amma həmin qolkiper sahə oyunçusu kimi sifariş olunmalıdır.

Uels yığmasının bu acınacaqlı halına acıyan britaniyalı həmkarlarımız komandanın tarixi ərzində yalnız bir dəfə daha pis vəziyyətdə olmasını tapıb üzə çıxarıblar. 2003-cü ildə ABŞ-la matça 17 nəfərlə qalan komanda onda da yoldaşlıq görüşü zamanı çətinliklə üzləşmişdi. İndi isə Toşakın kollektivi seçmə mərhələlərdə ən böyük böhran qarşısındadır. Özü də ehtiyatda qala biləcək 7 oyunçudan ikisinin qapıçı olması hələ mütəxəssisin dərdinin yarısıdır. Digər 5 nəfər isə bel bağlanılacaq oyunçular deyil. Oveyn Tudor Cons son mövsüm “Suonsi”də heyətə düşməyib, Şon Makdonald yığmanın debütantıdır, Co Allen, Saymon Kurç və Endi Kinq isə yeniyetmə uşaqlardır.

Oyuna iki gün qaldığından Toşak hansısa yeni oyunçunun altısaatlıq yol qət edib komandaya qatılmasını da xilas yolu kimi görmür. Üstəlik, bu iki gün ərzində zədələnənlərin arta biləcəyi də istisna deyil.
0