FİFA-dan Berti Foqtsa dəstək
04.06.2009 - 17:40
FİFA-dan Berti Foqtsa dəstək
FİFA-nın konqresində gələcəkdə legionerlərə “6+5” limitinin tətbiq olunması ilə bağlı məsələ həllini tapıb. Apasport.az saytının məlumatına görə, əcnəbilərin sayına məhdudiyyət qoyulması fikrinin qızğın tərəfdarı kimi tanınan dünya ali futbol qurumunun rəhbəri Yozef Blatter nəhayət, istəyinə çatıb.

Blatter tam əmindir ki, limitin tətbiqi hətta bəzi milli assosiasiyaların etirazına baxmayaraq, dünya futbolunun xeyrinə işləyəcək: “6+5” limiti qüvvəyə minəcək. Bu, yalnız zamanın işidir”.

Konqres üzvləri praktiki olaraq, yekdilliklə bu planın işlənilib, davam etdirilməsi ideyasını dəstəkləyiblər. Blatter artıq 2010-cu ildə Cənubu Afrika Respublikasında keçiriləcək dünya çempionatına qədər milli çempionatlarda limit tətbiq olunmasını istəyir.

Bundan başqa, FİFA yay olimpiya oyunlarında yaş həddinin artırılması ilə bağlı ideyanı da dəstəkləyib. Məsələ burasındadır ki, olimpiadada mübarizə aparan futbol yığmalarının iştirak ərizələrinə yaşı 23-dən yuxarı yalnız 3 futbolçunun adını daxil etməyə icazə verilir. Qərar qəbul olunarsa, yaş limiti 23-dən yuxarı olacaq.

Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts da daxili yarışlarda əcnəbilərin “6+5” limitinə uyğun oynamasının tərəfdarıdır. Hazırda Premyer Liqada legionerlərə limit yoxdur.
0