“Rəşad Sadıqov böyük klublarda oynamaq səviyyəsində deyil”
04.06.2009 - 23:16
“Rəşad Sadıqov böyük klublarda oynamaq səviyyəsində deyil”
“Qalatasaray” klubunun sabiq baş məşqçisi Bülənt Korkmazın apasport.az saytına eksklüziv müsahibəsi

- Bülənt hoca, vəziyyətiniz necədir?
- Sağ olun, pis deyiləm. Yəqin ki, bilirsiniz, artıq “Qalatasaray” komandasının baş məşqçi postundan getmişəm.

- Bilirik və amma bunun səbəbini soruşmaq istəyirdik. Uzun illər şərəfini qoruduğunuz komandadan niyə ayrıldınız?
- Açığı deyim ki, mən qalmaq istərdim. Mənim öz şərtlərim vardı və bu səbəbdən ayrıldım.

- Rəhbərliklə anlaşa bilmədiniz?
- Bəli, elədir.

- Dediyiniz şərtlər konkret nə idi, nədən narazı idiniz?
- Vallah, bu haqda danışmağı düzgün saymıram.

- İddialı bir komandanın baş məşqçi postunda qısa müddətdə fəaliyyətinizi necə dəyərləndirərdiniz?
- Mən “Qalatasaray”lıyam və təbii ki, bu klubu çalışdırdığıma görə xoşbəxtəm. Amma dediyim kimi, şərtlərə görə vidalaşdıq.

- “Qalatasaray” potensialı ilə mövsümdə tutduğu 5-ci yer uyğun gəlirmi? Yəni, komandanız ən azı Çempionlar Liqasına vəsiqə qazanmağa layiq deyildi?
- Mövsüm ərzində xeyli zədəlilər vardı. Bundan əlavə, mənim vaxtımda çox önəmli futbolçuları oynada bilmədik. Zədəlilərə görə bəzi futbolçuları başqa mövqelərdə oynatmağa məcbur olduq. Komandanın taktiki, texniki planında çatışmazlıqları vardı. “Qalatasaray”ın sükanı arxasına keçərkən vəziyyətin belə olacağını bilirdik. Yəni, komanda tam hazır deyildi. Söyləmişdim ki, “Qalatasaray”ı bir ildən sonra çempion edərəm. İki il sonra Avropa kubokunu Türkiyəyə gətirərəm. Çünki bu, mövsümün əvvəlində qurduğum, etdiyim transferlərdən, istədiyim şərtlərdən ibarət komanda olmalı idi. İşimizi düzgün görmüşdük. Təbii ki, hər şeyin daha yaxşı olmasını istərdik. Ancaq dediyim kimi, çoxlu zədəli, cəzalı futbolçularımız oldu. Bunlar da istər-istəməz çıxışımıza mənfi təsir göstərdi. Komanda yaxşı vəziyyətdə olmayanda, problemlər yaranır və sonda belə duruma gəldik.

- Mövsümün ortasında baş məşqçi postuna gətirilən məşqçidən çox şey tələb etmək doğrudur?
- Belə götürəndə, mən mövsümün sonuna yaxın komandanın sükanı arxasına keçdim. 12 matçda baş məşqçi postunda oldum və bu, mövsümün yarısı da demək deyil. Təbii ki, bu müddətdə baş məşqçi postuna gətirilən şəxsdən çox şey də gözləmək olmazdı. UEFA kubokunda Fransanın “Bordo” klubunu mübarizədən kənarlaşdırdığımız zamanı da demişdim ki, mənə də vaxt lazımdır. Yəni, yeni mövsüm üçün komandanı çox yaxşı vəziyyəti gətirə bilərdim. Amma bəzi şeylər biz düşündüyümüz kimi olmadı.

- Türkiyədə çoxları “Qalatasaray”ın tarixində sonuncu dəfə keçirilən UEFA kubokunun finalında “Şükrü Saracoğlu” stadionunda oynayacağını və qalib gələcəyini gözləyirdi. Ancaq komandanız mübarizəni 1/8 finalda Almaniyanın “Hamburq” klubu ilə oyundan sonra dayandırdı. Sizcə, bu görüşün nəticəsi sonrakı taleyinizə təsir göstərdimi?
- Həmin vaxt “Qalatasaray” UEFA kubokunu götürəcək vəziyyətdə deyildi. Çoxlu zədəli futbolçu olduğundan, gərgin qrafikdə uğurlu çıxış etmək çox ağırdır. Buna görə məşqçinin sərəncamında çoxlu alternativ futbolçu olmalıdır. “Qalatasaray”da isə belələri yox idi. Bu zaman istədiyini həyata keçirmək çətin olur.

Bildiyiniz kimi, “Hamburq”la oyun öncəsi portuqaliyalı Fernando Meyra “Zenit”ə satıldı. O, çox yaxşı və önəmli futbolçu idi. Meyranı satandan sonra mərkəz müdafiəçisiz qaldıq. Fikir verin, “Bordo” və “Ankaragücü” ilə görüşlərdə mərkəz müdafiəçilərinin xidmətindən yararlandıq. Digər matçlarda başqa mövqelərdə çıxış edən futbolçuları oynatmalı olduq. Mərkəz müdafiəçilərimiz Sərvət Çətinlə Əmrə Güngür zədə səbəbindən, Mehmet Topalı isə istədiyi yerdə oynada bilmədik. Hakan Baltanı bəzən başqa mövqelərdə sınadıq. Cinah yarımmüdafiəçi Harri Kyuell “Hamburq”la görüşdə məcburiyyətdən mərkəz müdafiəçisi kimi mübarizə apardı. Arda Turan üç oyun cəzalı olduğundan kənarda qaldı. Hücumçu Şabani Nondanın zədəsi vardı. Braziliyalı Linkolnun əvvəl zədə, sonra başqa problemləri ortaya çıxdı. 8 futbolçunu itirmişdik və istədiyimizi ala bilmədik.

- Necə hesab edirsiniz, “Qalatasaray”ı yerli, yoxsa əcnəbi mütəxəssis lazımdır?
- Bunu bilmirəm.

- Sizin istefanızdan sonra fransız Pol Le Quen, holland Ko Adrianse, ispan Xuande Ramosun adı “Cim-Bom”un baş məşqçi postu ətrafında hallanır...
- Bu haqda heç məlumatım yoxdur və məsələyə şərh verə bilmərəm.

- Sizə komandada başqa vəzifə təklif edilmədi?
- Yox, mən baş məşqçiyəm. Başqa vəzifəni tutmağım mümkün deyil.

- “Qalatasararay” Avroliqada ikinci təsnifat mərhələsindən mübarizə aparacaq. Azərbaycan kubokunun son qalibi olan Ağdamın “Qarabağ” klubu da həmin turnirdə mübarizəyə bu mərhələdən başlayacaq. Yəni, “Qalatasaray” “Qarabağ”ın potensial rəqibidir və bir-biri ilə qarşılaşması çox maraqlı olardı...
- Bu komandaların görüşəcəyini indidən deyə bilərəm. Buna püşkatma aydınlıq gətirəcək.

- Kayseri şəhərində keçirilən Türkiyə - Azərbaycan yoldaşlıq görüşünü izlədinizmi?
- Yox. Çünki ölkə kənarında idim. Ancaq sonradan oyunun videoyazısını izlədim.

- Oyunla bağlı təəssüratlarınız necədir?
- Azərbaycanın yaxşı gənc futbolçuları var. Amma yenə də söyləyirəm ki, Azərbaycan yığmasında legioner oynatmaq olmaz. Bu, düzgün deyil. Milli komandada öz futbolçularınız çıxış etməlidir. Belə gənc, perspektivli, istedadlı futbolçularınız var və bunlara güvənmək lazımdır. Azərbaycan öz futbolçuları ilə yüksəliş edə bilər.

- Adətən legioner yerli futbolçudan ən azı bir baş üstün olmalıdır. Milli komandamızda Türkiyə ilə görüşdə çoxlu əcnəbi futbolçu çıxış etdi. Sözlərinizdən belə qənaətə gəlmək olar ki, onlar öz oyunu ilə seçilmədi?
- Yox. Azərbaycan millisində çıxış edən legionerlər yüksək səviyyəli deyil. Onların daha səviyyəli, yerli futbolçulardan güclü, üstün olması gərəkdir. Bakıya gəldiyim zaman klub infrastrukturuna xüsusi diqqət yetirilməsini demişdim. Bununla bağlı işlər hələ istənilən səviyyədə deyil. Klubun bazası, məşq etməyə meydançalarının, fiziki hazırlığı artırmaq üçün trenajor zallarının olması lazımdır. Bu zaman inkişafa nail olmaq mümkündür. Uşaq futboluna, gənc oyunçulara böyük önəm verilərsə, Azərbaycan futbolu 3-4 ilə çox irəliyə gedə bilər. Amma dediyim kimi, legionerlər də səviyyəli olmalıdırlar.

- Yoldaşlıq görüşü olsa da, slovakiyalı hakim yığmamızın kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərərək, onu meydandan qovdu. Rəşad da Türkiyəyə oynadığından, sizə yaxşı tanışdır. Necə hesab edirsiniz, bu, görüşün nəticəsinə təsir etdimi? Yoxsa Türkiyə yığması millimizdən güclü olduğu üçün istənilən halda qalib gələcəkdi?
- Bir futbolçu ilə nə qalib gəlmək olar, nə də məğlub olmaq. Yəni, bütün komanda ilə oynamaq lazımdır. Azərbaycan futboluna böyük sərmayə qoyulur, milli komandaya diqqət artırılıb. Bunun nəticəsini görmək üçün 3-4 il gözləmək lazımdır. Bu müddətdə həm gənc futbolçulara diqqət göstərməlisiniz, həm də gələn əcnəbi futbolçular səviyyəli olmalıdır. Klub infrastrukturu ilə bağlı işləri də davamlı olaraq görmək lazımdır. Bu zaman ölkə futbolu inkişafa nail olacaq.

- İndicə etiraf etdiniz ki, mərkəz müdafiəçi ilə bağlı probleminiz vardı və bu mövqeyə futbolçu lazım idi. Yəqin ki, Rəşadın da oyununu görmüsünüz. Sizcə, belə bir futbolçu “Qalatasaray”, ümumiyyətlə, Türkiyənin dörd böyük klubunda oynaya bilərmi?
- Xeyr, oynaya bilməz. Hal-hazırda Rəşad həmin klublarda oynamaq iqtidarında deyil.

- Zəifdir, ona görə?
- Vallah onun “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” kimi klublarda oynaması mümkün deyil.

- Yəni, Rəşadın həmin komandalarda oynamağa gücü çatmaz?
- Bəli. Amma Azərbaycanın 1-2 ildən sonra çox yaxşı komandalarda oynayacaq futbolçuları var. Ad çəkməyəcəyəm, onlar bir-iki ildən sonra Superliqada böyük komandalarda oynaya bilərlər.

- “Beşiktaş” Superliqanın qalibi oldu, ölkə kubokunu qazandı. Bu komandanı çempionluğa layiq sayırsınız?
- Söhbət layiq olub-olmamaqdan getməməlidir. “Beşiktaş” çempion oldu və onu bu münasibətlə təbrik etmək lazımdır.

- Məşqçilik fəaliyyəti ilə bağlı gələcək planlarınız necədir? Təkliflər varmı?
- Ölkə kənarından, Asiyadan təkliflər var. Bir neçə gün istirahət etdikdən sonra baxacağam.

- Bəs Azərbaycandan?
- Bəli. 2 komandanızdan təklif almışam. Amma təbii ki, hələ gözləyəcəyəm.

- Konkret hansı klublarımızdan təklif almısınız?
- İndi bunu söyləyə bilmərəm.

- Aldığınız təkliflər ciddidir?
- Bəli. Bu təkliflər mənə menecerlər vasitəsilə gəlib. Bir neçə günlük istirahətdən sonra son qərarımı verəcəyəm.

- 3 ay əvvəl “Bakı” klubunun dəvəti ilə ölkəmizə gəldiniz və qayıdandan dərhal sonra “Qalatasaray”a baş məşqçi təyin olundunuz. Azərbaycana səfər sizin üçün düşərli oldu, bəlkə yenə gələsiniz?
- (gülür) İnşallah, imkan olsa, gələrəm. Azərbaycana böyük salamlarımı çatdırıram və futbolunuza uğurlar arzulayıram. Türkiyə kimi, Azərbaycan futbolunun da inkişaf etməsini istəyirəm.
0