Uels yığmasının start heyəti müəyyənləşdi
04.06.2009 - 18:25
Uels yığmasının start heyəti müəyyənləşdi
İyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Uels yığmasının start heyəti məlumdur. Apasport.az saytının məlumatına görə, britaniyalı jurnalistlər baş məşqçi Con Toşakın güvənəcəyi ilk “11-liy”in müəyyənləşdiyini iddia edirlər. Həmkarlarımızın fikrincə, sərəncamındakı oyunçular arasında geniş seçim imkanından məhrum olan mütəxəssisin nəyisə dəyişmək imkanı da yoxdur.

Belə vəziyyətdə qapını Ueyn Hennessiyə tapşıracaq Toşak müdafiəçilərdən Nil İrdli, Kreyq Morqan, Eşli Uilyams, Lyuis Nyatanqa və Kris Qunterə bel bağlayacaq. O, yarımmüdafiəçi qıtlığı yarandığından, 5 nominal müdafiəçidən birini orta sahədə oynatmağa məcburdur. Belə ki, onun əlinin altındakı yarımmüdafiəçilərin əksəriyyəti təcrübəsi ilə öyünə bilməz. Sırf orta sahə oyunçusu kimi isə Co Ledli, Devid Edvards və Aaron Ramsi “döyüş”ə atılacaq. Bu məcburi heyətin kapitanı da Co olacaq.

Uels yığmasının optimala ən yaxın olan xətti isə hücumdur. Ön xətdə təcrübəli Robert İrnşou və gənc olmasına baxmayaraq, yığmamızın qapısına yol tapmış Sem Vokes yer alıb. O, ötən il sentyabrın 6-da Kardiffdə keçirilən qarşılaşmada vurduğu yeganə qolla komandasına qələbə qazandırmışdı.

Britaniyalı həmkarlarımız Uels yığmasının ideal “11-liy”ini də xatırladıb. Belə ki, rəqibimiz ən yaxşı vaxtlarında meydana bu futbolçularla çıxır: Oveyn Fon Uilyams, Sem Rikkets, Ceyms Kollins, Danni Qabbidon, Danni Kollins, Qaret Beyl, Saymon Devis, Cek Kollison, Ceyson Kumas, Kreyq Bellami, Çed Evans.

Bakıda meydana çıxacaq futbolçulardan heç biri ən yaxşı vaxtlarda belə, yığmanın start heyətinə düşməyib. İdeal heyətin 11 futbolçusundan heç biri iyunun 6-da ilk dəqiqələrdən oynamayacaq. Toşak yığmamızla matçda ilk “11-liy”in xidmətindən məhrum olub. Lakin britaniyalı həmkarlarımız mütəxəssisin bu heyətdə də dəyişiklik etməyə məcbur olacağından qorxur. Çünki növbəti zədə Toşakı daha çətin vəziyyətdə qoya bilər.
0