Roman Pokoranın kapitanı öldü
04.06.2009 - 19:03
Roman Pokoranın kapitanı öldü
Ukraynanın “Karpatı” klubunun sabiq məşqçisi Lev Brovarski vəfat edib. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasının dəyişib.

Brovarski Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokoranın “Karpatı”da uzun müddət komanda yoldaşı və kapitanı olub. O, 1969-cu ildə, 20 yaşında ikən Lvov təmsilçisinin kapitanı kimi SSRİ kubokunu başı üzərinə qaldırıb. Pokora da həmin vaxt “Karpatı”nın heyətində yer alsa da, qələbə qazandıqları final oyununda ehtiyatda qalıb.

Lev Brovarski bu komandada oyun sayına görə (412) rekordçudur. Lvov futbolunun tarixində ən yaxşı futbolçu sayılan Brovarski SSRİ yığmasında da çıxış edib. O, 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının final mərhələsində 1/4 finala çıxan Kamerun yığmasının baş məşqçisi Valeri Nepomnyaşının köməkçisi olub. Brovarski SSRİ-nin əməkdar idman ustası, Ukraynanın əməkdar məşqçisi adını daşıyıb.

Qeyd edək ki, “Karpatı” ötən ilin noyabrında Brovarskinin 60 illik yubileyində geydiyi 6 nömrəli formanı əbədiləşdirib. O, həmin vaxt Ukrayna prezidenti Viktor Yuşenkonun qərarı ilə dövlət mükafatına layiq görülüb.
0