FİFA-nın Mahmud Qurbanovun rekorduna mövqeyi yalnız apasport.az-da!
05.06.2009 - 11:35
FİFA-nın Mahmud Qurbanovun rekorduna mövqeyi yalnız apasport.az-da!
Altı komandanın heyətində üst-üstə 10 dəfə Azərbaycan çempionu olan Mahmud Qurbanovun bu göstəricisi beynəlxalq miqyasda da müzakirələrə səbəb olub. Bu haqda apasport.az saytına Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) prezidenti Alfredo Poje məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat Qurbanovun rekordu barədə FİFA ilə danışıqlar aparıb.

Yozef Blatterin rəhbərlik etdiyi ali futbol qurumu da həmyerlimizin bu unikal nailiyyətinə münasibət bildirib. Lakin FİFA və İFFHS hələlik milli komandamızın sabiq üzvünün çempionluqlarının sayını dəqiqləşdirmək istəyir: “Biz FİFA olaraq, məsələyə şərh verməyə çətinlik çəkirik. Buna UEFA və milli federasiya aydınlıq gətirə bilər. Lakin bizim bildiyimiz faktlara əsasən, Mahmud Qurbanovun 12 qat Azərbaycan çempionu adlandırılması həqiqətəuyğundur”.

İFFHS-ə gəlincə, Poje 1996/97 mövsümündə UEFA-nın tanıdığı və Çempionlar Liqasına buraxdığı “Neftçi” klubunun çempionluğunun tanınmağını düzgün hesab edir. Qurum AFFA-nın qeyri-adi əsasnamə ilə keçirdiyi birincilikdə “Qarabağ”ın deyil, məhz “Neftçi”nin qalib gəldiyini və həmin zəfərin də Qurbanovun hesabına yazılmasının tərəfdarıdır.

Üstəlik, Poje yarımçıq dayandırılan 2001/02 mövsümü ilə bağlı qeyri-müəyyənliyə də son verilməsinin düzgün olduğunu düşünür. Onun sözlərinə görə, ya alternativ çempionatın nəticələri tanınmalı, ya da birincilik dayandığı vaxta olan nəticələr yekun kimi elan olunmalıdır.

Hər iki halda, “Şəmkir” birinci olduğundan, bu kluba üçüncü çempionluğu hesablamaq lazımdır. Bu da Mahmudun növbəti qızıl medalı olur. Poje öz fikrində qətidir: “İFFHS Mahmudu 10 yox, 12 qat çempion kimi tanıyır”.
0