Berti Foqts: Allah eləməmiş, əgər sabah Uelsə uduzsaq... VİDEO
05.06.2009 - 11:49
Berti Foqts: Allah eləməmiş, əgər sabah Uelsə uduzsaq... VİDEO
“Allah eləməmiş, əgər sabah Uelsə uduzsaq, bu o demək deyil ki, Azərbaycanın U-21 və ya U-19 yığmaları bundan sonra oynamamılıdır. Biz işlərimizi plan üzrə aparırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis bildirib ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçiriləcək matçda nəticə qazanmaq vaxtıdır: “Azərbaycan yığmasında işlədiyim bir il ərzində çatışmayan yeganə amil nəticədir. Uelslə oyun heç də asan olmayacaq. Özü də onlar səfərdə çox yaxşı təsir bağışlayırlar. Heyətdəki futbolçulardan çoxu İngiltərə Premyer Liqasında oynayırlar, gündə 4-5 saat məşq edirlər. Təəssüf ki, azərbaycanlı futbolçulardan heç biri “Arsenal” və ya “Tottenhem”in formasını geyinmir”.

Foqts milli komandamızın üzvlərindən bir neçəsinin oyuna hazır olmadığını da vurğulayıb: “2-3 oyunçu hazır deyil. Branimir Subaşiç və Vaqif Cavadovu xüsusi qeyd etmək istəyirəm”. O, iyunun 2-də beynəlxalq yoldaşlıq görüşündə Türkiyəyə bilərəkdən uduzmaqla (0:2) bağlı ehtimalları yaxına buraxmayıb: “Dünyada heç bir məşqçi öz oyunçularına deməz ki, qəsdən pis oynayın”.

O, maraqlı bir məqama da toxunub: “Mən yetirmələrimdən həmişə xahiş və tələb edirəm ki, qısa dişlikli butslarda oynayın. Onlar isə buna öyrəşmədiklərini deyirlər”.

Legioner limitinə də toxunan Foqts bunları söyləyib: “Ümid edirəm ki, gələn çempionatda hər klubda ən azı 5 azərbaycanlı çıxış etməlidir. Mənim xaricilərlə heç bir problemim yoxdur. Çünki mən özüm də xariciyəm. Əgər əcnəbilər bura gəlirsə, onlar yerli futbolun inkişafına kömək olmalıdırlar. Bununla bağlı, proqram hazırlayıb AFFA rəhbərliyinə verəcəyəm.”
0