Qisas oyunu, yarımcan rəqib və ya atalar altıdan deyib?
05.06.2009 - 12:25
Qisas oyunu, yarımcan rəqib və ya atalar altıdan deyib?
Sabah Azərbaycan yığması cari ildə ilk rəsmi ev oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, alman baş məşqçi Berti Foqts milli komandamızda rəsmi görüşdə debüt etdiyi rəqib - Uelslə görüşəcək. 63 yaşlı mütəxəssis həmin debüt matçında xal qazanmağa çox yaxın olsa da, Con Toşakın komandası buna imkan verməmişdi. Rəqib qələbə topunu yalnız görüşün sonuna 7 dəqiqə qalmış vurdu. Özü də meydana ikinci yarıda çıxan futbolçunun künc zərbəsindən sonra qapımız qarşısında yaranan qarışıqlıqdan istifadə etməklə.

İlk baxışdan nə qədər qəribə görünsə də, sabahkı görüşdə favorit Azərbaycan yığması sayılmalıdır. Əvvəla, komandamız oyununu doğma meydanda, doğma azarkeşlər qarşısında keçirəcək. Ən əsası isə Uels Bakıya ciddi itkilərlə gəlib. Toşak zədə səbəbindən bir sıra aparıcı futbolçuların xidmətindən məhrum olub. Təsadüfi deyil ki, millimizə qarşı meydana çıxarmağa futbolçu tapa bilməyən təcrübəli mütəxəssis iştirak ərizəsini doldurmaq üçün üç qapıçı daxil etməyə məcburdur. Yəni, lazım gələrsə, onlardan birinin sahə oyunçusu kimi meydana çıxması istisna olunmur. Başqa sözlə, britaniyalıların komandamıza qarşı ən zəif heyətini çıxarmalı olacağını desək, yanılmarıq.

Təbii ki, bütün bunlar yığmamızın xeyrindir və qələbə qazanmaq şansımızı artırır. Hər halda, belə vəziyyətdə olan komandanı evdə məğlub etməyə, sadəcə, borcluyuq. Bu, baş verərsə, Foqts milli komandamızda ilk rəsmi qələbəsini qazanmış olacaq. Keçirdiyi 4 oyundan sonra hesabında cəmisi 1 xal olan və hələlik rəqib qapısına yol tapmayan yığmamız sonuncu pillənin sahibi Lixtenşteyni yalnız topların fərqinə görə qabaqlayır.

Düzdür, millimizdə də itkilər mövcuddur. İki aparıcı müdafiəçi Samir Abbasovla Saşa Yunisoğlu Rusiya ilə martın 28-də Moskvadakı oyunda (2:0) vərəqə limitini aşaraq, cəzalı duruma düşüblər. Digər müdafiəçi Sergey Sokolov isə Türkiyə ilə yoldaşlıq görüşündə zədə ucbatından hətta iştirak ərizəsinə daxil edilmədi və Bakıya qayıtdıqdan sonra yığmanın düşərgəsini tərk edib.

Uelslə oyunda əsas qol ümidlərimiz olan hücumçular Branimir Subaşiç və Vaqif Cavadovda da zədə ilə bağlı kiçik problemlər yaranıb. Millimizin əsas qapıçısı sayılan, millidə debüt oyununu səfərdə Uelsə qarşı keçirən Kamran Ağayev zədəyə görə bu il hələ oyun keçirməyib və onu Türkiyə ilə görüşdə yaxşı təsir bağışlayan Fərhad Vəliyev əvəzləyəcək. Saşanın yoxluğunda Rəşadla müdafiənin mərkəzində Vladimir Levinin oynayacağı gözlənilir. Milliləşən ukraynalı müdafiəçi Kayseridəki oyunda arxa xətdə Rəşadla tandemi heç də pis alınmadı. Samiri isə Aqil Nəbiyevin əvəzləyəcəyi daha inandırıcı görünür. Ötən il Kardiffdəki oyunda da iştirak edən Aqil Türkiyə ilə yoldaşlıq görüşündə əsas heyətdə yer aldı. Foqts onun ilk növbədə yaxşı fiziki göstəricilərə malik, ucaboylu olmasını nəzərə alır.

Milli komandamız Uelsi həm də tarixə görə məğlub etməlidir. Axı indiyədək bu yığma ilə beş görüşün hamısında qələbə üzünə həsrət qalmışıq. Yalnız bir dəfə heç-heçə edən yığmamız qalan dördündə uduzub, özü də qol vura bilməyib. Uelsə qol vuran yeganə futbolçumuz hazırda da millinin sıralarındadır. Bu, 27 yaşlı Rəşad Sadıqovdur. Onun 5 il öncə elə Tofiq Bəhramov adına Respublika stadionunda cərimə zərbəsindən vurduğu möhtəşəm qol hələ də yaddaşlardan silinməyib.

Uels yığmasında isə bizə ən çox qol vuran futbolçular Rayan Giqqz və Qari Spiddir. Onlar hərəyə üç qol vurub. “Mançester Yunayted” klubunun və ümumiyyətlə, Uels futbolunun əfsanəsi sayılan Giqqz bizə hər üç qolu məşhur “Millenium” stadionunda vurub. Uels yığmasında kapitan sarğısını daşımış Spid isə iki dəfə Bakıda və bir dəfə “Millenium”da sevinib.

Millimizə qol vuran uelsli futbolçulardan Giqqz və Spidlə yanaşı, iki qol vuran Hartson da artıq yığma karyerasını başa vurub. Yalnız Kreyq Bellami hələ də yığmada olsa da, ötən il Kardiffdəki oyunda olduğu kimi iştirak etməyəcək. Uels yığmasının hazırkı kapitanı da zədə problemindən əziyyət çəkir.

Qeyd edək ki, saat 20:00-da başlayacaq Azərbaycan – Uels oyununu isveçli hakimlər briqadası idarə edəcək.

2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunları
20 noyabr 2002-ci il

Azərbaycan – Uels – 0:2

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qari Spid, 9, Con Hartson, 68
Baş məşqçilər: Əsgər Abdullayev və Mark Hyuz

29 mart 2003-cü il

Uels – Azərbaycan – 4:0

Kardiff. “Millenium” stadionu.
Kreyq Bellami, 1, Qari Spid, 40, Con Hartson, 44, Rayan Giqqz, 52
Baş məşqçilər: Mark Hyuz və Əsgər Abdullayev

2006-cı il dünya çempionatının seçmə mərhələ oyunları
4 sentyabr 2004-cü il

Azərbaycan – Uels – 1:1

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Rəşad Sadıqov, 56 – Qari Spid, 48
Baş məşqçilər: Karlos Alberto Torres və Con Toşak

12 oktyabr 2005-ci il

Uels – Azərbaycan – 2:0

Kardiff. “Millenim” stadionu
Rayan Giqqz, 3, 51
Baş məşqçilər: Con Toşak və Vaqif Sadıqov

2010-cu il dünya çempionatının seçmə mərhələ oyunları
6 sentyabr 2008-ci il

Uels – Azərbaycan – 1:0

Kardiff. “Milenium” stadionu
Sem Vokes, 83
Baş məşqçilər: Con Toşak və Berti Foqts
0