İrnşou: Məgər Berti Foqtsun komandasına üç qol vuran mən deyildim?
05.06.2009 - 12:39
İrnşou: Məgər Berti Foqtsun komandasına üç qol vuran mən deyildim?
“Almanlarla oyunlar mənim üçün uğurlu alınır. Xüsusilə də, əks tərəfdə Berti Foqtsun komandası olanda”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uels yığmasının hücumçusu Robert İrnşou deyib.

Sabah dünya çempionatının seçmə oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq britaniyalıların 28 yaşlı futbolçusu karyerası ilə bağlı xatirələrini açıqlayıb: “Məgər Berti Foqtsun komandasına üç qol vuran mən deyildim? Məhz mənim Şotlandiya ilə görüşdəki het-trikim sayəsində matç 4:0 hesabı ilə başa çatdı. Ümumiyyətlə, almaniyalılarla qarşılaşmaq mənə düşərlidir. Axı onlara az qol vurmamışam. Üstəlik, yığmadakı debüt matçım da Almaniyaya qarşı olub. Yeddi il əvvəl millidə debüt etdiyim zaman qələbə qolunu vuraraq, Uelsə 1:0 hesablı qələbə qazandırdım. Sabahkı oyuna gəlincə, bu mənim Bakıya üçüncü səfərimdir. Bizim üçün ən vacib olanı da qələbədir. Mənə elə gəlir ki, bunu bacararıq”.

Xatırladaq ki, 2002-ci il mayın 14-də Uels və Almaniya arasında keçirilən qarşılaşmada ilk dəfə milli forması geyən İrnşou matçdakı yeganə qolu 46-cı dəqiqədə vurmuşdu. 2004-cü il fevralın 18-də isə hücumçu indiki baş məşqçisi Con Toşakın rekordunu təkrarladı. O, 1979-cu ildə futbolçu kimi Şotlandiyanın qapısına 3 qol vuran Toşakdan sonra ikinci uelsli oldu ki, əzəli rəqiblərin qapısına bu sayda top keçirdi. Həmin yoldaşlıq matçında 4:0 hesabı qeydə alınıb.
0