Starkov Azərbaycan mükafatçısını təriflədi
05.06.2009 - 13:17
Starkov Azərbaycan mükafatçısını təriflədi
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov Bakının “İnter” klubunun futbolçusu Vladimir Kolesniçenkonu tərifləyib. Apasport.az saytının məlumatına görə, vaxtilə Moskva “Spartak”ını da çalışdırmış təcrübəli mütəxəssis ötən mövsüm Azərbaycan Premyer Liqasının gümüş medalını qazanan Kolesniçenkonun yığmada çıxışından razıdır.

Starkovun fikrincə, Vladimir millinin liderlərindən olan, qış fasiləsində Bakı “İnter”inə keçidi gündəmdə olan Andrey Layzansı uğurla əvəzləyir. Karyerasında heç də yaxşı dövrünü keçirməyən Layzans zədəli olduğu üçün iki həftəlik təlim-məşq toplanışında keçirilən ikitərəfli oyunda iştirak etməyib: “Fikrimcə, Layzans hətta “Olimp” klubunda oynamaqla da iki-üç il öz səviyyəsini saxlamaq iqtidarındadır. Ancaq bundan sonra onu qorumaq çox çətin olacaq. Ümid edirəm ki, Layzans tezliklə öz səviyyəsinə uyğun gələn komanda tapacaq. Axı Latviya yığmasında rəqabət artır və həmin Vladimir Kolesniçenko artıq Andreyi uğurla əvəzləyib”.

Starkov son hazırlıq prosesində “İnter”in digər yarımmüdafiəçisi Andrey Rubinin də xidmətindən istifadə edib. Rubin ötən yay, Kolesniçenko isə qışda ölkəmizə gəlib və hər ikisi ilk mövsümdə gümüş medal qazandı. Starkov hələ Riqanın “Skonto” klubunda da Rubin, Kolesniçenko və Layzansla birgə çalışıb. Onlar 2000-ci ilin iyunun Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Şəmkir” klubuna uduzaraq, mübarizəni dayandırıblar.
0