Milli komandamız 8 ildir qələbə qazana bilmir...
05.06.2009 - 23:09
Milli komandamız 8 ildir qələbə qazana bilmir...
Azərbaycan yığması mübarizə apardığı dünya çempionatının (DÇ) seçmə mərhələsində 8 ildir 3 xal qazana bilmir. Apasport.az saytının hesablamalarına görə, komandamız sonuncu dəfə DÇ-2002-nin seçmə mərhələsində qalib gəlib. Həmin vaxt yığmamız Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiyanı Vadim Vasilyev və Zaur Tağızadənin vurduğu qollarla yenib.

Artıq futbolçu karyerasını bitirən Vasilyev “Xəzər-Lənkəran”da məşqçi işlədiyi halda, Tağızadə “Neftçi”də çıxışını davam etdirir. Sadəcə, Zaur yığma karyerasını başa vurmağı daha məqsədəuyğun sayıb. Maraqlısı isə odur ki, həmin oyun da iyunun 6-da – Uelslə görüşəcəyimiz gündə olub.

Yəni tarix, məkan, stadion eyni və deməli, qələbəni və uğursuz sindromun qırılacağı günü gözləməyə dəyər. Son qələbənin üstündən isə 2920 gün keçib. Ümumiyyətlə, millimiz DÇ-nin seçmə mərhələsində iki qələbə qazanıb ki, bunlardan birincisi tarixi uğur sayılır. Belə ki, 1996-cı ilin avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə millisini məğlub edən (1:0) yığmamız bununla tarixinin ilk rəsmi oyununda qələbə qazanmışdı.

Milli komandamız sonuncu rəsmi qələbəsini 2007-ci ilin martın 28-də əldə edib. Həmin vaxt Emin İmaməliyev Respublika stadionunda Finlandiya ilə oyunun sonunda vurduğu yeganə qolla (1:0) yığmamıza qələbə qazandırdı. Maraqlıdır ki, rəsmi görüşdə sonuncu qolumuzu da elə həmin il, həmin seçmə mərhələdə finlərə vurmuşuq. Mahmud Qurbanov noyabrın 17-də Helsinkidə keçirilən səfər oyununda hesabı açsa da, sonradan iki qol buraxan komandamız meydanı məğlub tərk etdi – 1:2. Sonuncu qolumuzdan 800, sonuncu qələbəmizdən 567 gün ötür.

Millimizə 14 aydır rəhbərlik edən Berti Foqtsun qazandığı iki qələbə yoldaşlıq görüşlərinə təsadüf edir. Bunlar ötən ilin iyunun 4-də Andorra və oktyabrın 15-də Bəhreyn yığması ilə oyunlardır. Hər iki səfər görüşündə 2:1 hesabı ilə qələbə qazanılıb. Yığmamız sonuncu qolunu bu ilin fevralın 11-də Küveytlə səfərdə keçirdiyi yoxlama oyununda vurub. Vaqif Cavadov 1:1 hesabı ilə nəticələnən görüşdə komandamızın vurduğu qolun müəllifi olub.

Qeyd edək ki, 2010-cu il dünya çempionatının seçmə mərhələsində çıxış edən Foqtsun komandası keçirdiyi 4 oyunun 3-də uduzub, 1-də heç-heçə edib. Topların fərqi 0-4-dür.