Elxan Məmmədov: Adamiya Azərbaycan yığmasında oynaya bilər - MÜSAHİBƏ
05.06.2009 - 23:00
Elxan Məmmədov: Adamiya Azərbaycan yığmasında oynaya bilər - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- İyunun 2-3-də Baham adalarının paytaxtı Nassauda keçirilmiş FİFA-nın 59-cu konqresində iştirak etmisiniz. Tədbirdə hansı qərarlar qəbul edildi? Ümumiyyətlə, çoxunun tanımadığı Baham adaları necə ölkədir?
- Baham adaları Atlantik okeanında adalardan ibarət çox maraqlı ölkədir. Konqres də maraqlı keçdi. Qəbul olunan ən vacib qərar 2 ölkənin vətəndaşlığını daşıyan futbolçularla bağlıdır. Belə oyunçular bundan sonra istənilən vaxt əsas milli komandada çıxış edə bilərlər. Təbii ki, yeganə şərt həmin futbolçunun heç vaxt yığmada oynamamasıdır. Əvvəllər isə futbolçu 21 yaşadək qərarını verməli idi.

- Yeni qayda bir sıra futbolçuların - Rusiyada oynayan azərbaycanlı Aleksandr Səmədovun, həmçinin gürcüstanlı Georgi Adamiya və digərlərinin milli komandamızın üzvü olmasına şərait yaradır.
- Səmədov Rusiyada oynasa da, o, yaşadığı yox, əslən bağlı olduğu Azərbaycanın əsas yığmasının formasını geyinə bilər. Çünki Səmədov əvvəllər Rusiya milli komandasında oynamayıb. Buna aid bir misal çəkim. Almaniyada təxminən 100-dək azərbaycanlı futbolçu var. Onlar müxtəlif səbəblərə görə, Almaniyaya köçüblər. Ataları və ya anaları orada işlədiyindən, immiqrant olublar. Bir neçə ildən sonra soydaşlarımız Almaniya yığmasına çağırılmasalar, bizim milli komandamızın formasını geyinə bilərlər.

- Bəs Georgi Adamiya ilə bağlı məsələ necə olacaq? O, artıq 5 ildir ölkəmizdə çıxış edir və Azərbaycan pasportunu daşımaq hüququna malikdir.
- Araşdırmaq lazımdır ki, Adamiyanın Gürcüstan milli komandasında oynayıb, ya yox. Çünki FİFA bu halları diqqətlə yoxlayacaq.

- Adamiya Gürcüstanın əsas yığmasında heç vaxt çıxış etməyib. Bu futbolçu öz vətənində yalnız U-21-in heyətində yer alıb.
- Əgər belədirsə, deməli, Adamiyanın milli komandamızda oynamaq şansı var.

- Ümumiyyətlə, onu yığmaya dəvət etmək fikriniz varmı?
- Bu, artıq baş məşqçidən asılıdır.

- FİFA-nın konqresində qurumun prezidenti Yozef Blatter legionerlərə “6+5” limitinn tətbiq olunmasını da bildirib...
- Hələ ötən il Sidneydə keçirilən 58-ci konqresdə cənab Blatter bu təklifi irəli sürmüşdü. Bu məqsədlə Avropa Birliyi ilə danışıqlara başlayıb. Blatterin təklifinin qəbulu üçün Avropa Birliyi ilə razılıq əldə olunmalıdır. Avropa Birliyinə 27 ölkə daxildir. Məsələn, almaniyalı futbolçu Fransaya gedib oynayır və orada legioner sayılmır. Çünki Avropa Birliyinə qəbul olunan ölkələr arasında fərq qoyulmur. Cənab Blatterin təklifi isə bu ittifaqla ziddiyyət təşkil edir. Buna görə də konqresdə FİFA prezidenti bir daha vurğuladı ki, Avropa Birliyi ilə danışıqlar gedir və limit tətbiqi hələlik məcburi deyil.

- Amma milli komandamızın baş məşqçisi Berti Foqts Premyer Liqada legioner limitinin tətbiqində israrlıdır. O, növbəti çempionatdan etibarən, hər klubda ən azı 5 azərbaycanlı futbolçunun oynamasını təkid edir.
- İcraiyyə Komitəsi üçün müvafiq sənədləri hazırlayırıq. Növbəti iclasda FİFA və UEFA-nın tövsiyələri də nəzərə alınacaq. Azərbaycan futbolunda limit yavaş-yavaş tətbiq olunacaq. Amma bilmirəm ki, İcraiyyə Komitəsi “3+8”, “7+4” və ya “6+5” limitinə üstünlük verəcək. Ümumiyyətlə, əcnəbilərə məhdudiyyət qoyularkən, klubların müraciətləri də diqqətdən kənarda qalmayacaq. Limit ona görə aradan götürülmüşdü ki, Azərbaycanda futbolçu yox idi. 2008-ci ilədək Azərbaycanda 17 yaşlılar arasında çempionat keçirilmirdi. Biz 12, 13, 15, 17 yaşlılar arasında çempionatlar təşkil edirik ki, yeni futbolçular yetişsinlər. Futbolçu çatışmırsa, limiti necə tətbiq edə bilərik?

- Hesab edirsiniz ki, limitin zamanı gəlib çatıb?
- Yavaş-yavaş limit qoyulacaq. Fikrimcə, yaxın 2 il ərzində əcnəbi futbolçulara limit tətbiq olunacaq.

- Türkiyə ilə yoldaşlıq görüşü barədə fikirlərinizi öyrənmək istərdik...
- Berti Foqts Uelslə vacib oyun ərəfəsində yetirmələrini sınaqdan keçirdi. Qardaş ölkə Türkiyənin çox güclü komandası var. Yoldaşlıq görüşləri nəticə çıxarmaq üçündür. Türklərlə görüş futbolçularımız üçün də əhəmiyyətli idi. Onlarda özünəinam hissini artırmağa xidmət edirdi. Bir sözlə, oyun çox maraqlı alındı. Bildiyiniz kimi, 1 həftə ərzində yığmamızın 3 matçı var idi. Bunlardan ən önəmlisi bu gün Uelsə qarşı keçirəcəyimiz görüşdür. İyunun 9-da İspaniya ilə Bakıdakı yoldaşlıq görüşü də vacibdir. Çünki İspaniya ötən il Avropa çempionatında Almaniyanın məğlub edən yeganə komandadır. Almaniya isə dünya çempionatının seçmə mərhələsində Uelsdən sonrakı rəqibimizdir. Yəqin ki, ispanlarla oyun Almaniya ilə matçdan öncə son sınaq görüşü olacaq.

- Türkiyəyə qarşı yoldaşlıq oyununda nədən narazı qaldınız?
- Təbii ki, nəticədən. Amma unutmaq lazım deyil ki, bu, yoldaşlıq görüşü idi. Ona görə də çox üzülməyə dəyməz. Gəlin, yoldaşlıq görüşündə uduzaq, rəsmi matçda isə qalib gələk.

- Sonda Uelslə matç haqda sual vermək istəyirik. Britaniyalılarla oyundan nə nəticəni gözləyirsiniz?
- Bildiyiniz kimi, ötən il səfərdə Uelsə uduzmuşuq, 3 xal itirmişik. İndi istəyirik ki, bu xalı geri qaytaraq.

- Bəs 1 xal qazansaq, razı qalacaqsınız?
- Heç-heçə olsa da, bunu uğur sayacağıq.
0