Stüart Pirs: Azərbaycanla oyunda qələbə zəruridir
06.06.2009 - 11:21
Stüart Pirs: Azərbaycanla oyunda qələbə zəruridir
“Turnir ərəfəsində keçirilən son matç həmişə vacib əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycanla qarşılaşmaya böyük məsuliyyətlə yanaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Stüart Pirs deyib.

İyunun 8-də keçiriləcək yoldaşlıq oyununda Azərbaycan yığması ilə görüşəcək britaniyalıların çalışdırıcısı 21 yaşlılar arasında Avropa çempionatının İsveçdə keçirilən final mərhələsinə qələbə ilə yollanmaq iddiasındadır: “Ötən həftə İspaniyada təşkil olunan təlim-məşq toplanışımızdan tam razı qaldım. Lakin futbolçuların oyun kondisiyalarını görmək baxımından bir yoldaşlıq görüşünə ehtiyacımız var. Buna görə də, Azərbaycanla keçirəcəyimiz matç böyük önəm daşıyır. Məhz bu oyuna əsasən 21 yaşlılar arasında Avropa çempionatının final mərhələsində meydana buraxacağım əsas heyəti müəyyənləşdirəcəyəm. Hər oyunçu haqda müəyyən təəssürat yaradacaq matçda qələbə də zəruridir. İki aydır oyun keçirməyən yığmamız İsveçə yaxşı əhval-ruhiyyədə yollanmalıdır. Axı biz İsveçə qitə çempionu olmaq üçün gedəcəyik”.

Qeyd edək ki, iyunun 15-də başlayacaq Avropa çempionatının final mərhələsi ayın 29-dək davam edəcək.
0