Con Toşak mətbuat konfransında azərbaycanca danışdı
06.06.2009 - 21:38
Con Toşak mətbuat konfransında azərbaycanca danışdı
“Bu gün çətin oyun olacağını gözləyirdik. Nəticəyə görə çox şadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uels futbol yığmasının baş məşqçisi Con Toşak deyib.

Uelslilər dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan milli komandasına 1:0 hesabı ilə qalib gəlib. Oyundan sonra keçirilən mətbuat konfransında isə media nümayəndələri Toşakı alqışlarla qarşılayıblar. Öz növbəsində uelsli çalışdırıcı da jurnalistlərə jest göstərib.

Qısa danışan Toşak komandasının cavan futbolçulardan təşkil olunduğunu söyləyib: “Uels yığmasında orta yaş həddi 22-dir. Bizim əsas komandamızda orta yaş həddi 1 yaş çoxdur. Bəlkə də Bakıda əsas heyətlə uduzardıq”.

O vurğulayıb ki, Berti Foqtsun yerində olsaydı belə, məğlubiyyət ucbatından istefa verməzdi: “Mən Foqtsun yerində olsaydım, istefa verməzdim. Onu çoxdan tanıyıram. Fikrimcə, Foqtsun məsləhətə ehtiyacı yoxdur”.

Mətbuat konfransının sonunda isə Toşak qeyri-adi jest edib. Təcrübəli mütəxəssis sağollaşarkən, üzünü yerli jurnalistlərə tutaraq, azərbaycanca “çox sağ olun” deyib.
0