Visente del Boske: Azərbaycanla oyunda sürprizlər gözlənilir
08.06.2009 - 12:58
Visente del Boske: Azərbaycanla oyunda sürprizlər gözlənilir
İyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan – İspaniya yoldaşlıq görüşü ilə bağlı bu gün qonaqların baş məşqçisi Visente del Boske mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə 59 yaşlı çalışdırıcı yerli və ispaniyalı jurnalistlərin suallarını cavablandırıb.

- Yoldaşlıq görüşündə məqsədiniz nədir?
- Ötən həftəsonundan etibarən matça hazırlaşırıq. Əsas məqsədimiz qalib gəlməkdir. Bundan başqa, oyunçuların vəziyyətini nəzərdən keçirmək istəyirik. Gələn həftə başlanacaq Konfederasiyalar Kubokuna kimin hazır olub-olmadığını öyrənmək niyyətindəyik. Azərbaycanla matç bizim üçün həm də mübarizədir.

- İnyesta kimi təcrübəli futbolçu zədə ucbatından Konfederasiyalar Kubokuna getməyəcək. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.
- Bunu faciəyə çevirmək lazım deyil. Bizim başqa futbolçularımız da var. Heyətə 2 futbolçu daxil etmişik. İnanıram ki, onlar İnyestanı layiqincə əvəz edəcəklər.

- İspanlar böyük yol qət edərək, Azərbaycana gəliblər. Sabahkı oyunda başlıca məqsəd idmanda uğur qazanmaqdır, yoxsa iqtisadi cəhətdən gəlir əldə etmək?
- Pul barədə heç bir məlumatım yoxdur. Əsas məqsəd odur ki, idmanda nailiyyət əldə qazanaq.

- Azərbaycanla görüşdə aparıcı heyət üzvlərindən kimisə ehtiyatda saxlayacaqsınız?
- Bu oyuna uyğun futbolçuların xidmətindən yararlanacağıq.

- Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu tanıyırsınızmı? Onun Azərbaycandakı fəaliyyətini necə qiymətləndirirsiniz?
- Sizin yığmanın oyunlarını izləyirəm. Azərbaycanın nümayiş etdirdiyi oyun bizə heç də rahat görünmür. Komanda şəklində çıxış edir, hücuma üstünlük verirsiniz. Berti Foqtsa gəlincə, o, Almaniya tarixinin bir hissəsidir, onu tanımamaq mümkün deyil.

- Bəs Vəli Qasımovu necə, tanıyırsınızmı?
- Mən Azərbaycanın bütün futbolçularını tanıyıram. Vəli Qasımov mərkəzdə oynayır.

- Xeyr, o, hücumçu idi. Primeroda “Betis” klubunun şərəfini qoruyub. Lakin Qasımovu İspaniyada rusiyalı kimi tanıyırlar. Məqsədimiz odur ki, gec də olsa, onun azərbaycanlı olduğundan xəbər tutasınız.
- Düzü, onun hansı millətin nümayəndəsi olduğunu bilmirdim.

- Sabahkı görüşdə güvənəcəyiniz start heyətlə, Konfederasiyalar Kubokunda şans verəcəyiniz ilk “11-lik” arasında fərq olacaqmı?
- Əlbəttə, müəyyən dəyişiklər olacaq. Ola bilər ki, hansısa futbolçu zədə və ya digər səbəbdən əsas heyətdə yerini itirəcək.

- İspaniya yığması güzəştsiz komanda kimi tanınıb. Sabah Azərbaycana qarşı çoxmu güzəşt edəcəksiniz?
- Bizim komandamız bütün oyunlara eyni ciddiyyətlə, eyni əzmlə yanaşır. Əsas hədəfimiz qələbə qazanmaqdır.

- Foqtsun komandası sizə sürpriz edə bilər, yoxsa bu haqda düşünmək ağılsızlıqdır?
- Sürprizlər gözlənilir. Sabahkı oyun təkcə azərbaycanlılardan deyil, həm də ispanların da özlərini necə göstərmələrindən asılıdır. Oyunun gedişatında hər şey məlum olacaq.