Uels milli komandamızın 9 illik seriyasını qırdı
08.06.2009 - 13:55
Uels milli komandamızın 9 illik seriyasını qırdı
Azərbaycan yığmasının 9 illik seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, milli komandamız 2000-ci ildən indiyədək keçirdiyi ilk ev oyunlarında uduzmurdu. Buna 2010-cu il dünya çempionatının seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda qonağımız olan Uels yığması son qoyub. Tanınmış mütəxəssis Con Toşakın çalışdırdığı komanda rəsmi oyunda 1:0 hesabı ilə qələbə qazanmaqla, rekordumuzu qırdı.

Tarixi 1992-ci ildən başlayan yığmamız həmin vaxt cəmi bir oyun keçirib ki, bu da səfərdə olub. Sentyabrın 17-də Gürcüstanla Gürcaani şəhərində keçirilən yoldaşlıq görüşü 3:6 hesablı məğlubiyyətimizlə nəticələnib. 1992 istisna olmaqla, qalan illərdə ev oyunlarımız olub və yığmamız həmin 17 görüşün 7-də qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 5-də uduzub (topların fərqi 14-11-dir).

Maraqlıdır ki, heç-heçələrin hamısı eyni hesabla – qolsuz nəticələnib. İlk ev oyunlarımızdan 1994 və 1995-ci illərdə keçirilənlər Azərbaycandan kənarda olub. Bu da onunla bağlıdır ki, həmin vaxt FİFA və UEFA ölkəmizdə vəziyyətin qeyri-sabit olduğunu əsas gətirərək, ev oyunlarımızı xaricdə keçirməyə qərar verib. Nəticədə Türkiyə yardım əlini uzadıb və 1996-cı il Avropa seçmə mərhələsində rəqiblərimizi Trabzon şəhərində qəbul etməli olmuşuq.

Qeyd edək ki, milli komandamız 17 illik tarixində qazandığı qələbələrin 1/3-ni ilin ilk ev oyunlarında əldə edib. Yığmamız sonuncu dəfə ilin ilk ev oyununda 10 il öncə - Rumıniyaya uduzub və Respublika stadionunda keçirilən həmin rəsmi görüş də 0:1 hesabı ilə bitib. Uels qazandığı qələbə ilə millimizin daha bir rekordunu da qırdı. Belə ki, komandamız indiyə kimi heç vaxt iyunun 6-sı tarixində uduzmamışdı.


1993
25 may. Gəncə. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan - 1:0

1994
16 noyabr. Trabzon. Avropa çempionatının (AÇ) seçmə mərhələ oyunu. Azərbaycan – İsrail - 0:2

1995
26 aprel. Trabzon. AÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – Rumıniya - 1:4

1996
9 aprel. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkiyə - 0:1

1997
22 mart. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan - 3:0

1998
22 mart. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Moldova - 1:0

1999
31 mart. Bakı. AÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – Rumıniya - 0:1

2000
4 iyun. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan - 0:0

2001
24 mart. Bakı. Dünya çempionatının (DÇ) seçmə mərhələ oyunu. Azərbaycan – Moldova - 0:0

2002
21 avqust. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Özbəkistan - 2:0

2003
11 iyun. Bakı. AÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – Serbiya və Çernoqoriya - 2:1

2004
28 may. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Özbəkistan - 3:1

2005
9 fevral. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Moldova - 0:0

2006
28 fevral. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Ukrayna - 0:0

2007
28 mart. Bakı. AÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – Finlandiya - 1:0

2008
10 sentyabr. Bakı. DÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan - Lixtenşteyn - 0:0

2009
6 iyun. Bakı. DÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – Uels - 0:1
0