Kasilyas: Azarkeşlər oyunumuzdan zövq alacaqlar
08.06.2009 - 14:03
Kasilyas: Azarkeşlər oyunumuzdan zövq alacaqlar
“Azərbaycan yığması ilə yoldaşlıq görüşünə ciddi yanaşırıq. Biz ciddi oynayıb, Konfederasiyalar Kuboku ərəfəsində ən yaxşı nəticə əldə etməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya milli komandasının kapitanı İker Kasilyas deyib. Uzun illərdir Madrid “Real”ında forma geyinən 28 yaşlı qapıçının fikrincə, sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın nəticəsi böyük əhəmiyyət kəsb edir.

“İlk dəfədir Azərbaycana gəlirəm və Azərbaycan milli komandası ilə oyun keçirdiyimizə görə şadıq. Bilirəm ki, burada şərəfini qoruduğum Madridin “Real” klubunun çoxlu azarkeşi var. Biz onları çox qiymətləndiririk. Ancaq indi biz İspaniya yığmasını təmsil edirik. Ümid edirəm ki, Bakıda azarkeşlər oyunumuzu izləyərək zövq alacaqlar” – deyə Kasilyas bildirib.

Qeyd edək ki, İspaniya yığması sabahkı matçdan sonra Cənubi Afrika Respublikasına yollanacaq. Son Avropa çempionları iyunun 14-də start götürəcək Konfederasiyalar Kubokuna qatılacaqlar.
0