İspaniya yığması Bakıya niyə gəlib?
08.06.2009 - 14:56
İspaniya yığması Bakıya niyə gəlib?
Sabah yoldaşlıq oyununda Azərbaycanla qarşılaşacaq İspaniya yığması Bakıya iki seriya ilə gəlib. Apasport.az saytının məlumatına görə, ötən il Avropa çempionu olan pireneylilər son 31 qarşılaşmada məğlub olmamaqla, dünya futbol tarixində ikinci seriyaya malikdir. Sonuncu dəfə 2006-cı il noyabrın 15-də öz meydanında Rumıniya ilə yoldaşlıq oyununda 0:1 hesabı ilə uduzan İspaniya millisi o vaxtdan heç kimin qarşısında aciz qalmayıb.

Təxminən iki il yarım məğlubiyyət görməyən rəqibimiz Azərbaycanla görüşdə seriyasını 32-yə çatdırmaqla, ikinci göstəricinin şəriksiz sahibi olacaq. Belə ki, ispanların özlərinin də 1994-98-ci, Argentinanın da 1991-93-cü illərdə qeydə alınan 31 matçlıq məğlubiyyətsiz seriyası var. Yalnız 1993-96-cı illərdə 36 qarşılaşma ərzində uduzmayan Braziliya İspaniyanı qabaqlayır. Yığmamızla oyundan sonra Konfederasiyalar Kubokuna yollanıb qrupda nisbətən zəiflərlə üç görüş keçirən rəqibimiz yarımfinalda Braziliyaya çata bilər. Maraqlıdır ki, digər qrupda mübarizə aparan cənubi amerikalılar öz rekordlarını qorumaq yolunda İspaniyanın 36-cı matçdakı rəqibi də ola bilər.

Lakin baş məşqçi Visente del Boskenin yetirmələri həmin yarımfinaladək başqa bir rekord müəyyənləşdirə bilər. Son 31 görüşdə uduzmayan ispaniyalılar axırıncı 11 qarşılaşmada qələbə qazanıb. Avropa çempionatının ¼ final matçında gələcək qaliblərə 120 dəqiqə ərzində uduzmayan İtaliya İspaniyanın məğlub edə bilmədiyi sonuncu komandadır. Seriyalarda oyun sonrası penaltilər nəzərə alınmadığından ötən il iyunun 22-də keçirilən görüş rəqibimizin xal itirdiyi son matç kimi tarixə düşüb. O vaxtdan bütün oyunlarda qələbə qazanan İspaniya müdafiəsi ilə də öyünür. Bu görüşlərdə onlar 25 qol vurub cəmi 2-ni buraxıblar. Bu seriyanın uzunluğuna görə dünya futbol tarixində 10-cu olan Boskenin yetirmələri Bakıdakı qələbə ilə 6-cı yerə şərik olan 4 komandaya – AFR, ADR, Fransa və Meksikaya çatacaq.

Konfederasiyalar Kubokundakı qrup oyunlarında əldə oluna biləcək üç qələbə isə onları mütləq rekordçu edə bilər. Çünki rekorda sahib olan Avstraliya, Braziliya və Fransa 14, Şotlandiya ilə yenə Braziliya isə ardıcıl 13 oyunu udmağı bacarıb.