“Bakı” yığma üzvləri ilə maraqlanır
08.06.2009 - 15:50
“Bakı” yığma üzvləri ilə maraqlanır
"Yeni transferlərlə bağlı konkret ad çəkmək düzgün olmazdı. Bir çox oyunçularla maraqlanır, onlar barədə ətraflı məlumatlar toplayırıq. Yalnız onu deyə bilərəm ki, onların böyük əksəriyyəti milli komandalarının formasını geyən futbolçulardır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına açıqlamasında deyib.

Son Azərbaycan çempionu gələn ayın ortasında startı veriləcək Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirən “Bakı”nın vitse-prezidenti mətbuatda komandasına keçidlərlə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: “Seçim üçün kifayət qədər vaxtımız var. Heyətimizdə görmək istədiyimiz oyunçuları baxışa dəvət edəcəyik. Son söz baş məşqçiyə məxsusdur, qərarı da o verəcək. Klub isə onun bəyəndiyi futbolçuların transferini reallaşdırmağa çalışacaq. Tələsməyə ehtiyac yoxdur. Heyətimizə cəlb etdiyimiz yeni futbolçular barədə ətraflı məlumat veriləcək".
0