Milli komandamız tarixinin ən güclü rəqibinə qarşı
08.06.2009 - 16:41
Milli komandamız tarixinin ən güclü rəqibinə qarşı
Azərbaycan yığmasının bir həftəyə nəzərdə tutduğu üç oyunluq qrafik yekunlaşır. Apasport.az saytının məlumatına görə, ötən həftə Kayseridə yoxlama matçında Türkiyəyə (0:2), ardından Bakıda Uelsə rəsmi oyunda (0:1) uduzan milli komandamızı sabah İspaniya ilə çətin sınaq gözləyir.

Bu qrafikdə alman mütəxəssis Berti Foqtsun çalışdırdığı yığmamıza son qiyməti Avropa çempionları verəcək. Düzdür, bu, yoldaşlıq görüşü olsa da, hər halda, qarşılaşmanın necə əhəmiyyətli olması danılmazdır. Ən azından ona görə ki, rəqib son Avropa çempionlarıdır və belə komanda ilə üz-üzə gəlmək hər zaman ələ düşmür.

Təxminən bir il öncə qitənin ən güclüsü adına sahib çıxan ispanlarla indiyədək nə yığma, nə də klub səviyyəsində qarşılaşmışıq. Artıq 31 oyundur uduzmayan İspaniya çıxış edəcəyi Konfederasiyalar Kubokuna son hazırlığı Bakıda keçirəcək. Milli komandamızla yoldaşlıq görüşündən sonra Cənubi Afrika Respublikasına yollanacaq pireneylilər iyunun 14-də startı veriləcək Konfederasiyalar Kubokunda çıxış edəcək. Rəqib komandanın baş məşqçisi Visente del Boskenin zədəlilərlə bağlı problemi olduğunu nəzərə alsaq, sabahkı oyunda əsas futbolçularını qoruyacağı gözlənilir.

Sözsüz ki, İspaniya milli komandamızın 17 illik tarixində yoldaşlıq görüşündə üz-üzə gəldiyi ən güclü, titullu rəqibdir. Dünya və Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya, İngiltərə, Portuqaliya, Türkiyə kimi ulduz futbolçuları olan yığmalar Bakıya gəlsələr də, onlar mükafatlarını qazandıqdan xeyli sonra bizimlə görüşüblər. İspaniya isə Avropa çempionluğunu qazanmasından heç bir il tamam olmamış milli komandamıza rəqib olacaq. Üstəlik, Bakıya gələn heyətin böyük əksəriyyəti qitə birinciliyi qalibi olan futbolçulardır. İspaniya yığması xeyli vaxtdır FİFA-nın reytinqinə başçılıq etdiyi halda, milli komandamız bu sıralamada 140-dır.

Bunlardan Karles Puyol, Herard Pike, Xavi Ernandes və Serxi Buskest 12 gün öncə, mayın 27-də çıxış etdikləri “Barselona” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olublar. Daha bir “Barselona”lı – Andreas İnyesta da Azərbaycanla oyuna çağırılsa da, zədə səbəbindən heyətdən çıxarılaraq, “Valensiya” klubunun yarımmüdafiəçisi Pablo Ernandeslə əvəzləndi. “Barselona” və İspaniya yığmasının liderlərindən olan İnyesta Konfederasiyalar Kubokundan da kənarda qalıb.

Sabah 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünü ukraynalı beynəlxalq dərəcəli hakimlər idarə edəcək. 42 yaşlı FİFA referisi Oleq İşenkonun köməkçiləri həmyerliləri Oleq Plujnik və Oleq Muravyov olacaq.
0