Foqts da Abdullayevin yolu ilə gedir
08.06.2009 - 17:16
Foqts da Abdullayevin yolu ilə gedir
Berti Foqts Uelsə məğlub olmaqla, Azərbaycan yığmasının tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, 14 aydır milli komandamızı çalışdıran alman mütəxəssis Bakıda ilk yenilgisini britaniyalılardan aldı. Buna qədər ölkəmizdə iki oyun keçirən Foqts ötən ilin sentyabrında Lixtenşteynlə rəsmi oyunda qolsuz, noyabrında Albaniya ilə yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə etmişdi.

Milli komandamızın 17 illik tarixində baş məşqçi postunda ümumilikdə 12 nəfər olub. Bunlar Foqtsla yanaşı, Əhməd Ələsgərov, Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əsgər Abdullayev, İqor Ponomaryov, Karlos Alberto Torres, Şahin Diniyev, Qyoko Hacıyevski və yığmamızı bir oyuna çıxaran Nazim Süleymanovdur.

Məmmədov, Süleymanov və Mircavadov ölkəmizdə uduzmayıb. Düzdür, son iki məşqçiyə əsas yığmanı vətəndə oyuna çıxarmaq nəsib olmayıb. Süleymanovun yeganə oyunu ötən ilin martın 26-da Vilnüsdə Litva yığması ilə yoldaşlıq görüşü (0:1) olub. Mircavadov 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunları zamanı ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirib. Məmmədov yığmamızın sükanı arxasında isə ölkə daxilində yeganə oyununu Gəncədə keçirib və 1993-cü il noyabrın 25-də keçirilən Gürcüstan yığması ilə həmin yoldaşlıq görüşü 1:0 hesablı qələbəmizlə nəticələnib.

Digər 9 mütəxəssis evdə ilk məğlubiyyətlə Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda üzləşib. Bunlardan yalnız Kazbek Tuayev öz meydanında ilk dəfə yoldaşlıq görüşündə, qalanları rəsmi oyunda uduzub. İndiyədək milli komandamızın baş məşqçi postunda üç əcnəbi olub ki, Foqtsla yanaşı, braziliyalı Karlos Alberto Torres və makedoniyalı Qyoko Hacıyevski də Bakıda ilk dəfə 0:1 hesabı ilə yeniliblər.

Ümumiyyətlə, bu hesab digər mütəxəssislər üçün də populyardır. Foqtsu Əsgər Abdullayevlə birləşdirən cəhət odur ki, hər ikisi Bakıda ilk dəfə Uels yığmasına uduzub.

Vaqif Sadıqov isə üç dəfə milli komandamızın sükanı arxasında olmaqla, baş məşqçilər arasında rekordçudur. Ələsgərov, Tuayev, Abdullayev iki müxtəlif vaxtlarda yığmamızı çalışdırıb.

Azərbaycan milli komandasının baş məşqçilərinin Bakıda ilk məğlubiyyətləri

Kazbek Tuayev

9 aprel 1996-cı il. Yoldaşlıq görüşü. Azərbaycan – Türkiyə - 0:1

Vaqif Sadıqov
2 aprel 1997-ci il. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Finlandiya – 1:2

Əhməd Ələsgərov
31 mart 1999-cu il. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Rumıniya – 0:1

İqor Ponomaryov
8 sentyabr 2000-ci il. 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – İsveç – 0:1

Əsgər Abdullayev
20 noyabr 2002-ci il. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Uels – 0:2

Karlos Alberto Torres
13 oktyabr 2004-cü il. 2006-cı il dünya çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – İngiltərə - 0:1

Şahin Diniyev
2 iyun 2007-ci il. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Polşa – 1:3

Qyoko Hacıyevski
21 noyabr 2007-ci il. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Belçika – 0:1

Berti Foqts
6 iyun 2009-cu il. 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Uels – 0:1
0