İFFHS prezidenti apasport.az saytından kömək istədi
08.06.2009 - 23:00
İFFHS prezidenti apasport.az saytından kömək istədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) prezidenti Alfredo Poje apasport.az saytına məktub göndərib. Saytımız vasitəsilə Azərbaycan mətbuatına müraciət edən və xeyli vaxtdır “Bakı” klubunun futbolçusu Mahmud Qurbanovun neçə dəfə çempion olması ilə bağlı araşdırma aparan İFFHS rəhbərinin fikrincə, qeyri-müəyyənliyi AFFA aradan qaldırmalıdır.

O bildirib ki, bu məqsədlə yerli mətbuat orqanları assosiasiyaya müraciət ünvanlanmalıdır: “Onsuz da Mahmud Qurbanov 12 qat Azərbaycan çempionudur. Lakin beynəlxalq qurumlar kimi, sizin ölkənizdə də bu nəticə tanınmalıdır. Yerli mətbuat AFFA-ya müraciət etməklə, məsələnin həllinə nail olmalıdır. AFFA 1996/97 mövsümünün çempionu qismində “Neftçi”ni, yarımçıq qalan 2001/02 mövsümünün qızıl medalçısı kimi isə “Şəmkir”i tanımalıdır. Düşünürəm ki, Azərbaycanda bu məsələyə yenidən baxılacaq və siz yaxın aylarda bizi məlumatlandıracaqsınız”.

Poje onu da vurğulayıb ki, dünyada analoqu olmayan əsasnamə ilə keçirilmiş Azərbaycan çempionatının 1996/97 mövsümünün nəticələri UEFA tərəfindən hesaba alınmır.

Xatırladaq ki, 12 il əvvəl bitən çempionatda uşaqların birinciliyinə görə hesablanan xallar sayəsində “Neftçi” qızıl medallarından məhrum olmuşdu. 2001/02 mövsümündə isə həm birinci mərhələ, həm yarımçıq qalan ikinci mərhələ, həm də alternativ çempionatda “Şəmkir” öndə olsa da, AFFA-nın o vaxtkı rəhbərliyi bu nəticələrin heç birini tanımamaqla, Azərbaycan futbolunun tarixinə əbədi boşluq bəxş edib. İndiki assosiasiya rəsmiləri sələflərinin səhvlərini düzəldərək, futbol tariximizi qeyri-müəyyənlikdən xilas edə bilər.
0