Əkbər Hacıyev “Neftçi” klubuna rumın baş məşqçi gətirir
08.06.2009 - 18:23
Əkbər Hacıyev “Neftçi” klubuna rumın baş məşqçi gətirir
Bakının “Neftçi” klubu yeni baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırkı çalışdırıcısı Böyükağa Ağayevlə hələ 9 aylıq müqaviləsi qalan bakılılar Türkiyənin aşağı dəstə təmsilçisi “Giresunspor”un baş məşqçisi Yüksəl Yeşilova ilə maraqlanıb.

Rumıniya vətəndaşı olan Yeşilova Türkiyə mətbuatına müsahibəsində bildirib ki, “Neftçi” klubunun prezidenti Əkbər Hacıyevin təklifini qəbul etməyib: “Hacıyev mənə zəng vurmuşdu. Dedi ki, Rumıniyaya gəlim və görüşək. Mən isə ailəmin yaşadığı Almaniyaya üz tutdum. Bu səbəbdən görüş baş tutmadı”.

Yeşilova deyib ki, “Neftçi”nin prezidenti onun çox dil bilməsindən xəbərdardır: “Hacıyev çox dil bilməyimin böyük üstünlük olduğunu dedi. Bildirdi ki, rumın, ingilis dillərində rahat danışmağım “Neftçi”nin işinə yarayır. Türkcə danışmaqla isə yerli futbolçularla ünsiyyət qura biləcəyimi nəzərimə çatdırdı”.

“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı isə Yeşilovanın sözlərini təkzib edib: “Onun komandamızdan təklif almasına Türkiyə mətbuatında rast gəlmişəm. Bu, boş bir iddiadır və həqiqətdən çox-çox uzaqdır”.

Qeyd edək ki, “Neftçi”nin heyətində iki rumıniyalı futbolçu Adrian Neaqa və Marian Aliuta çıxış edir.
0